Qonaq Kitabı
Ultimatum

Səhər saat onun  yarısından 45 dəqiqə işləmiş zorba bir “intiligent” mənə bu məzmunda bir ultimatum vermişdir:

 

Çox da Sonyaya demə layiqi-ovsaf deyil,

Eylə bir dilbərə böhtan demək insaf deyil.

 

Mənə bənd olma, canım, boşla, nədir bunca fişar?

Mən bu sevdadan əl üzməm, demə çox töhməti var.

Harda var bir belə canan, belə ləzzətli nigar...

Bir “mələk”dir, inan Allahə, bu söz laf deyil,

Sonyadan keçmək həqiqətdə də insaf deyil.

 

Kimsə mane olamaz nəşeyi-hürriyyətimə,

Min zərər dəysə də namusuma, milliyyətimə.

Mən bu işlərlə xələl qatmaram öz niyyətimə,

Qoy desinlər mənə kim, tutduğu yol saf deyil,

Sonyatək dilbəri tərk eyləmək insaf deyil.

 

Bir para ağzıgöyçəklər oturub söhbət edir,

Ki, filankəs öz evindən nə üçün nifrət edir?

Hər gecə “nömrədə”, “qastində” yatır, işrət edir.

Gör bu sözlər, mən ölüm, şiveyi-əclaf deyil,

Sonya tək dilbəri tərk eyləmək insaf deyil.

 

Kimə nə dəxli ki, mən nəfsdən imdad alıram,

Şıq madamlarla gəzib, eyş edirəm, dad alıram,

Fatmanı evdə qoyub, gündə bir arvad alıram,

“Qaradaş” rəngi ki, mərmər kimi şəffaf deyil,

Öylə dilbərləri tərk eyləmək insaf deyil.

 

Başı çarşaflı müsəlman qızını neyləsin ər,

Sonyanın bir baxışı yüz elə qızlara dəyər.

Aşnalıq öylə nigarilə qəbahətmi məgər?

Getsə bu yolda bütün var-yoxum, israf deyil,

Sonyadan keçmək həqiqətdə də insaf deyil.

 

Lap qalmışam məəttəl, bilmirəm bu hərc-mərc zamanında kişinin bu ağırlıqda ulttimatumuna nə təhər cavab verim.

 

Dastançı

“Məzəli”, â„– 4, 24 yanvar 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info