Qonaq Kitabı
Atası qıza deyir ki

Atası qıza deyir ki:

– Vaxt çatıbdır, qızım, qurtara işlər gərək,

On bir olubdur yaşın, indi sənə ər gərək,

Arvada şövhər gərək.

Qsız: - Vay, vay, amandır baba, gülməli bu söz nədir?

Çün mənə söylənməyə şimdi bu sözlər gərək,

Böylə nağıllar gərək.

Ata: -  Bu danışıqlar sənə çox da nağıl gəlməsin,

Eyləyəsən bunlara sidqilə bavər gərək,

Böylə müqərrər gərək.

Qız: - Şimdi gərəkdir ki, mən tazə girəm məktəbə,

Həm oxuyam, həm yazam, dərs edəm əzbər gərək,

Yazmağa dəftər gərək.

Ata: - Qızlar üçün, ay qızım, dərs oxumaq küfrdir,

Bizdə zənan xeylağı noxtalı bir xər gərək,

Heyvana bənzər gərək.

Qız: - Yox, atacan, bu işə mən deyə bilməm bəli,

Onda fəna eyləyəm ömrü sərasər gərək,

Həftələr, illər gərək.

Ata: - Söyləmə, bəsdir, qızım, boşla bu boş sözləri,

Tabei-fərman ola sevməli düxtər gərək,

Şimdi sənə ər gərək.

Qız: - Ər dediyindən nədir, məqsədin anlat mənə?

Əqd edə guya məni bir qoca Cəfər gərək!

Bir yekə peysər kərək.

Ata: - Hə, bərəkallah, qızım, mətləbimi qanmısan

Nail ola vəslinə ol Hacı Səftər kərək,

Piri-müəmmər gərək.

Qız: - Min gərə ölsəm də bu əmrə riza vermərəm,

Çünki mənə ər olan mən kimi dilbər gərək,

Sərvü sənubər gərək.

Ata: - Çox bu əbəs sözləri söyləmə! Hökmən sabah

Eyləyə əqdi-nikah molla Qəzənfər gərək,

Şərə bərabər gərək.

Qız: - Bir belə əqdi-nikah hansı şəriətdədir?

Bu işə qan ağlaya şəri mütəhhər gərək,

Məscidü minbər gərək.

 

Dastançı

“Məzəli”, â„– 3, 17 yanvar 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info