Qonaq Kitabı
Kefimdir!..

Bizim axund belə deyir

 

Hay, hay, genə mahi-rəməzan oldu, kefimdir!

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Başlandı genə dövreyi-iqbalü səadət,

Hər kəs mənə göstərmədə ixlasü iradət.

Olduqca müridimlə məşquli-ibadət

Mədhim hamıya virdi-zəban oldu, kefimdir.

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Məvhum olan əqvalim olub rayici-bazar,

Mömün hacılardan tapılır bollu xiridar.

Bəh, bəh! Genə amalimə çatdım, nə qəmim var,

Gülçöhreyi-məqsud əyan oldu, kefimdir.

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Olmuşdu mənə on bir ay “ev” guşeyi-zindan,

Nə yağlı pilov var idi, nə dadlı fisincan.

Əmma oluram bu ayı mən hər gecə mehman,

Hər yerdə mənə sədr məkan oldu, kefimdir.

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Şimdi mənə lazimdi edib min cürə təzvir,

Minbərdə qılam xəlqə öz əfkarımı təqrir.

Cahilləri tərif edəm, arifləri təkfir,

Çün hökm cahan içrə rəvan oldu, kefimdir.

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Etdim o qədər ümməti təqribi-cəhalət,

Kim cəhlilə hər işdə mənə oldular alət!

Bax imdi mənimçün o cəhalət, bu səfalət

Bir vasiteyi-şöhrətü şan oldu, kefimdir,

El cümlə mənə müxlüsi-can oldu, kefimdir!

 

Dastançı

Molla Nəsrəddin” â„– 23, 23 iyul 1914a

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info