Qonaq Kitabı
“Təsəttür” nalələri

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı,

Hər gecə bu “küvər” kişi bağrımı qıldı qan, bacı.

Mən nə edim ki, böylə bir Şümrə gəlib əsir olam

Zülmünə qatlaşıb qalam, cövrünə dəstgir olam.

Tap-taza bir cəvan ikən, möhnət əlində pir olam,

Gərdişi-ruzikar edə qamətimi kaman, bacı?

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı.

 

Bəsdi, sən Allah, ər demə, qırmızı tüklü bir qaban,

Qap-qara divə bənzəyir, sir-sifətindən əlaman,

Kaş sınaydı qıçlarım, bu evə gəldiyim zaman,

Başimə gəlməyeydi bu möhnəti-nagəhan, bacı?

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı.

 

Əlli yaşında istəyir bənzəyə bir cavan ərə,

Saqqalına həna qoyur hər iki gündə bir kərə,

Canə gətirdi lap məni, bu başı daşlı heyvərə,

Ömrümü puç qıldı, bu zillətli-cavidan, bacı!

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı.

 

Gündə beş-altı “put” qədər tövlədə yun daratdırır,

Ev-eşigi süpürtdürür, çul-çuxasın yamatdırır.

Fariq olan zamanda da daş ilə yarma dartdırır,

Qul kimi işlədir məni, zülm ilə hər zaman, bacı!

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı.

 

Xanbacı, bircə fikir ver, gör mənə bir nələr yapır,

Gah görürsən ki, boş yerə it kimi dövrəsin qapır,

Gah götürüb çomağını baş-gözümü vurub çalır.

Bircə nəfər tapılmayır halimə ağlayan, bacı,

Dadimə çat, qurtar məni, öldüm, amandı, Xanbacı.

 

Ağlama, mehriban bacı!

Eyləmə çox fəqan, bacı!

Səbr elə, döz, dayan, bacı!

Atəşi-zülmə yan, bacı!

 

Dastançı

Molla Nəsrəddin” â„– 14, 19 aprel 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info