Qonaq Kitabı
Başımızda sınan təkfir çomaqları

Ay həzərat, qoymayın məzhəbü dini dandı bu!

Sözlərinə inanmayın, hər nə desə yalandı bu!

 

Bu çalınır ki, ruzü şəb məhv edə şeiri-ənvəri,

Kim iki boş kitabilə mat qoyubdu bizləri.

Gah buluta buxar deyə, rədd ediyir mələxləri,

Gah uzunca bəhs açıb qarpıza bənzədir yeri,

Göyləri də həva bilir, münkiri-asimandı bu!

Ay həzərat, qoymayın, məzhəbü dini dandı bu!

 

Hərzə dilin açan kimi, vəlvələ saldı hər yerə,

Başladı küfr sözlərin, vurdu cahanı bir-birə,

Şəkk gətirdi bu bizim “Pir”dəki molla Qənbərə

Gah sataşdı məscidə, gah dolaşdı minbərə,

Hər işə qıldı məsxərə, hər sözü tərsə qatdı bu!

Ay həzərat, qoymayın, məzhəbü dini dandı bu!

 

İki qarış boy ilə gör rişteyi-kar alıb ələ,

Bir neçə anlamazları tovladı, saldı əngələ.

Bunca ədası bəs deyil, münkiri-şeiridir ələ,

Tərhinə bircə bax bunun, başü qulağı seyr elə,

Sanki əcinnələr kimi maliki-ruhu candı bu!

Ay həzərat, qoymayın, məzhəbü dini dandı bu!

 

Məktəbi-elm daima virdi-zəbanidir bunun,

Jurnal ilə qazit-mazit ruhu rəvanıdır bunun,

Mollaya iftira demək şöhrəti-şanidir bunun,

Milləti yoldan eyləmək fikri-nəhanıdır bunun.

Badeyi-küfr içib yəqin, qənbər olub, piyandı bu!

Sözlərinə inanmayın, hər nə desə yalandı bu!

 

Lənət edin bu kafərin məsləkü müddəasına,

Hər nə deyirsə qoy desin, baxmayın iddəasına,

Ruzi-cəzada həqq özü çatdıracaq cəzasına.

Onda qulaq verin bunun iczinə, iltimasına.

Həm də görün nə növ ilə nari-cəhimə yandı bu!

Çünki şərabi-küfr içib, bilmir özün, piyandı bu!

 

Dastançı

“Molla Nəsrəddin” â„– 10, 21 mart 1914.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info