Qonaq Kitabı
Gimnazist

(Xalis möminin zəbani-hali)

Ey gözümün nuri, malay gimnazist,

Rəngi günəş, çöhrəsi ay gimnazist.

 

Lütf elə, baxma mənə biganə tək,

Eylədi hicrin məni divanə tək.

Girmişəm eşqinlə bu meydanə tək.

Yandı anım şöləyə pərvanə tək.

 

Atəşi-eşqində haray, gimnazist,

Ey gözümün nuri, malay gimnazist.

 

Aşiqəm ol zülfi-səmən başına

Əyri kaman tək o qara qaşına,

Qurban olum qüdrəti-nəqqaşına

Halimə rəhm et, dolanım başına!

 

Gəl işimi eyləmə zay, gimnazist,

Rəngi günəş, çöhrəsi ay gimnazist.

 

Məndən ötər xaliqi-qüdrətnüma,

Xəlq eləmişdir səni, ey məhliqa.

Ağ üzünə, qaş-gözünə mərhəba!

Mən səninlə şad oluram daima.

 

Ruzü şəbü əftəvü ay, gimnazist,

Ey gözümün nuri, malay gimnazist.

 

Gərçi xuda xəlq eləyib canları,

Cənnətləri, sevgili qılmanları.

Şad qılıb cümlə müsülmanları.

Leyk inanmam belə dəstanları.

 

Orda da olmaz sənə tay, gimnazist,

Ey gözümün nuri, malay gimnazist.

 

Uf, nolar ey bülbülümün gülşəni,

Vəslin ilə şad qılaydın məni.

Ux! – deyib ağuşə çəkeydim səni,

Gültək öpeydim o gözəl çöhrəni,

 

Sən də deyəydin ki, uxay, gimnazist.

Ey közümün nuri, malay gimnazist.

 

Qoymagilən dərdimi bilsin ümum,

Başqa təşəbbüslərə yoxdur yolun.

Var sənə verməkliyə bir az pulum,

İştə budur cibdə olan var-yoxum,

 

Algilən, hər neçədi, say, gimnazist,

Bircə öpüş ver mənə pay, gimnazist.

 

Dastançı

“Molla Nəsrəddin” â„–21, 14 avqust 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info