Qonaq Kitabı
Nəvayi-hican

Ey Vətəndən gələn el aşinası,

Şadlıqmıdır gətirdiyin pəyamın?

Bəs nədir o əynində qəm libası,

Bu gəlməkdən, aya, nədir məramın?

Yoxsa o yerləri düşmənlər almış,

Vətən mülki yanmış, xərabə qalmış.

 

Bir bax, mən də sənin kimi qəribəm,

Vətəndən çıxdığım bir çox zamandır.

El üzünə həsrətəm, binəsibəm,

Qürbət əsiriyəm, halım yamandır.

Bu rəhmsiz fələk cavan yaşımda,

Aldı məni anamdan, qardaşımdan!

 

Gün batarkən məni məzlum edərlər

Üfüqlərdə qəmgin duran buludlar.

Sonra bir az durub-durub, gedərlər,

Zülmət çəkər, qəlbim sızıldar, ağlar,

Ağlar gözüm qan, yaş ilə dolunca,

Tək mənzildə gecəm sabah olunca.

 

Bax göylərə çıxmış fəqanım, ahım,

Gül bülbülün, bülbül gülün atarmı?

Ey adil Allahım, ey dadixahim,

Bu nahaq zülmlər yerdə yatarmı?

Bahar ikən bağımdan ayrı qaldım,

Xəzan gəldi, gül açmamış saraldım.

 

Mənafzadə Sabit

“Sədayi-Qafqaz”, 20 aprel 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info