Qonaq Kitabı
Dəruni-cigərdən zəbani-hal

Ey fələk, yan! Şöleyi-ahilə yan, ol payimal,

Ki, atəşi-hüznə yaxıb, zülmünlə yandırdın məni.

Sərnigün ol, sərnigun, ey asimani-kəcmədar,

Kim bütün hali-həyatımdan usandırdın məni.

Günbəgün etdin əsiri-xun bu əhvalimi,

Hüzn içində həp düçari-yəs qıldın halimi.

Yaxşı yapdın, məhrəba, təqdiri-izmehlalimi.

Zənn edərkən zövqilə mənzilgəhi-amalımı

Tusəni-iqbalımı çəkdin, dayandırdın məni.

Büsbütün hali-həyatımdan usandırdın məni.

 

Ey sipehri-gəcrəviş, ey kami-cövrü mələnət,

Qoyma düşsün boş yerə afaqi sovti-mədilət.

Kim deyir dünyadə var qanun, ədalət, mərhəmət,

Pərtovi-iqbaldən zurü sitəmlə bicəhət,

Sayeyi-idbarə çəkdin daldalandırdın məni,

Büsbütün hali-həyatımdan usandırdın məni?

 

Mən deyirdim bəs cahan ədl ilə dolmuş bisual,

Mədəniyyət abad edər dünya üzün cənnət-misal,

Xatirimdən zərrəcə keçməzdi bu ovzai-hal,

İndi qandım səhv imiş onlar, bütün boş bir xəyal,

Mərhəba tədbirinə, çox yaxşı qandırdın məni,

Büsbütün hali-həyatımdan usandırdın məni.

 

Puç olub, yan, ey fələk, ey mənbəyi-cövrü fəsad,

Bundan artıq tapmasın ta dövri-zülmün imtidad.

Gör nə yüksəlmiş sənə məzlumlərdən ahü dad

Neyləmişdim, söylə bir, ey asimani-bədnəhad,

Kim əsiri-diləfkar etdin, alovlandırdın məni,

Büsbütün hali-həyatımdan usandırdın məni,

 

M. Ə. Mənafzadə - Bakı, 23 mart.

“Sədayi-həqq” ** 66, 25 mart 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info