Qonaq Kitabı
Ağlar

Bu günkü halı hər kəs görür, bisəbrü tab ağlar,

Bu halın dəhşətindən hiss edər min iztirab ağlar.

Bu ovzai görüncə aləmi-ərzah edər şivən,

Yer ağlar, göylər ağlar, göydə mahü afitab ağlar.

Şəbi-dicur tək tab olmaq istər çeşmeyi-xurşid,

“Hülul” isə üfüqdən eyləyər əzmi-qiyab ağlar,

“Bunatül-nəqş” gördükcə bu ovzai-qəm əfzani,

Çəkər ruxsarünə qarə bulutlardan hicab, ağlar.

Fələkdə seyr edən icrami-ülvi fərti-dəhşətdən

Fəzadan birbəbir axmaqlığa eylər şitab, ağlar.

Bütün əflakə təsir eyləyən bu qəmli halətdən

Həvadə rəd fəryad eyləyib, bərqü sühab ağlar.

Şəbi-hicranə dönmüş bunca əyyami-nəhüsində

Qarışmış bir-birinə zülmət ağlar, mathab ağlar.

Dəyib yekdigərə nəzmin pozar əczayi-mövcudat.

Qəvayi-ruh edib tətil, başlar inqilab, ağlar.

Açıb çeşmi-bəsirət indiki əhvali dərk etsə,

Tamam ömründəki təzviri boşlar, Şeyxü şab ağlar.

Baxa ibrətlə hər kəs əlqərəz ovzai-islamə,

Yanar qəlbi olar bü qəmli halətdən kəbab, ağlar.

“Müsəlman aləmi axir düçari-inqiraz oldu!”

Çalar bu nəğməni min şurilə cəngü rübab ağlar.

Məqami-qüdsidə əskan edən peyğəmbəri-zişən

Görəndə qəflət içrə ümmətin məşğuli-xab, ağlar.

Fəlakətlə düçari-yas olan bu hali yazdıqca

Qələm atəş alıb, ovraqi məhv eylər, kitab ağlar.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info