Qonaq Kitabı
Vətən

Bir göz aç, ey məsti-səhbayi cəhalət, qıl nəzər,

Gör nə novilə pozulmuş, tarü mar olmuş Vətən.

Bax, necə dutmuş müsəlman aləmin xovfu xətər

Hər tərəfdən möhnətü dərdə düçar olmuş Vətən.

 

Yatmaq əyyamı deyil, dünyanı tutmuş qilyü qal,

Lərzədar etmiş cəhani ən böyük bir ixtilal,

Ümməti qoymuş fişar altında, etmiş payimal.

“Aləmi-İslam” olmuş təmeyi-məhvü zəval,

Vərteyi-edamə doğru rəhsipar olmuş Vətən,

Hər tərəfdən möhnətü dərdə düçar olmuş Vətən.

 

Bilmirəm bizlərdəki bu xabi-bipərva nədir?

Bu tutulmuş qəlb nə, bu çeşmi-nabina nədir?

Cəhlidən tövlid edənbu qəfləti-bica nədir?

Bax, bu qəflətdən necə mülki-Vətən viranədir!

Iştə bu viranəlikdən xarizar olmuş Vətən,

Hər tərəfdən möhnətü dərdə düçar olmuş Vətən.

 

Dövləti-İslam bir vaxt aləmə sultan imiş,

Əndəlisdən başlayıb, ta xani-Çinistan imiş.

Mənbəi-İslamə gər hübbül-vətən iman imiş.

Ümməti-İslama gər hübbül-vətən imna imiş.

Bəs neçin axirdə bu novilə xar olmuş Vətən,

Hər tərəfdən möhnətü dərdə düçar olmuş Vətən.

 

 

Ah! Islam aləmin məhv eylədi cövrü fişar

Böylə bir ümmət olarmı yer üzündə payidar?

Bir tərəfdə övliyalərdə xəyanət aşikar.

Bir tərəfdən milləti etmiş cəhalət tarü mar

Bir tərəfdən pənceyi-zülmə düçar olmuş Vətən,

Gör nə novilə pozulmuş, tarü mar olmuş Vətən.

 

Ah, səd əfsus, uyduq mollalar ovhaminə,

Dəstgir olduq hamı zahidnümalar daminə.

Zərrəcə səy etmədik, qovmiyyət istehkaminə,

Buldu milliyyət fəna, həm rəxnədar olmuş Vətən,

Hər tərəfdən möhnətü dərdə düçar olmuş Vətən.

 

M.Ə.Mənafzadə.

Vladiqafqaz. 7 sentyabr 1912.

“Sədayi-Vətən”, 11 sentyabr 1912.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info