Qonaq Kitabı
Vətənim

Mənə bir madəri-şəfqət Vətənimdir, Vətənim,

Mənə ağuşi-məhəbbət Vətənimdir, Vətənim.

Mənə bir sevgili cənnət Vətənimdir, Vətənim,

Mənə məvayi-səadət Vətənimdir, Vətənim.

Mənə sərmayeyi-izzət Vətənimdir, Vətənim,

Məzhəri-paki-təbiət Vətənimdir, Vətənim.

 

Vətənin fikridir əfkarimi tənvir qılan,

Nəşeyi-eşqi bütün ruhimə təsir qılan,

Boynuma reşteyi-amalımı zəncir qılan,

Mənə hübbül-vətən adabını təfsir qılan,

Dinü imandan ibarət Vətənimdir, Vətənim.

Mənə məvayi-səadət Vətənimdir, Vətənim.

 

Zahida! Sən hələ get şeyxi-riyakarə yapış,

Aşiqa! Sən də fəqət daməni-dildarə yapış.

Şövqi-vüsətlə səri-silsileyi-yarə yapış,

Mənə kaşaneyi-vüslət Vətənimdir, Vətənim,

Mənə məvayi-səadət Vətənimdir, Vətənim.

 

Qüsseyi-firqəti-madər məni naşad elədi,

Qəmi-hicrani Vətən könlümü bərbad elədi,

Gülşəni-şeiridə təbim quşu fəryad elədi,

Mürşidi-hüsnü məni məsləkə irşad elədi.

Fəzli-övlayi-təriqət Vətənimdir, Vətənim,

Mənə məvayi-səadət Vətənimdir, Vətənim.

 

Vətən amalıdır insanə verən zövqi-həyat,

Həp bu zövqilə mühəyya bulur əsbabi-nicat,

Sərnəviştimdə yazılmış mənim üşbu kəlamət:

Sabita! Xidmət üçün qıl Vətən uğrunda səbat.

Degilən layiqi-xidmət vətənimdir, Vətənim.

Məzhəri-paki-təbiət Vətənimdir, Vətənim.

 

“Sədayi-Vətən” 13 aprel 1913

Mənafzadə Sabit

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info