Qonaq Kitabı
ÇAXIR

Ey həsrəti yürəkləri al qan edən çaxır,

Qadını qız, qocaları oğlan edən çaxır.

 

Naz etdigin zəmandə dərunində şişənin,

Zənnim budur, tapılmaya bir kimsə düşmənin,

Əzbəs ki, çox ləzzətlisən, ağrın alım sənin,

Dünyanı öz cəmalına heyran edən çaxır.

 

Görcək səni itib, dağılar fikr, əqlü huş,

Müştaqınam, gər olmasa kisəmdə bir quruş,

Od yağdırarsan, olsa yanında xuruş-muruş,

Ey gündə bir bəla törədib qan edən çaxır.

 

Hər kəs ki, istəsə oxusun eşq hekayətin,

Xəlvətcə yalvarıb sana, eylər şikayətin,

Bişəkkü şübhə dəf edəcəkdir kəsalətin,

Müşkülləri zəmanədə asan edən çaxır.

 

Çox müşkül işdə hər kəs edibdir rica sənə,

Gördükcə şəstini demişəm “mərhəba” sənə,

Ad qoymuşam, çaxır nədü, müşkülgüşa sənə,

Həm topdağıtmaz evləri viran edən çaxır.

Gər çıxsa nuri göglərə ədlin-ədalətin,

Olmaz əlacı səndə olan bari-töhmətin,

Aqil olan unutmaz adın, həm şücaətin,

Ey gizli-gizli dərdlərə dərman olan çaxır.

                                                                      1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info