Qonaq Kitabı
İKİ ŞƏHƏR

Ləngərud şəhri

Ləngərud şəhrini gör fəsli-bəhar,

Ortasından şəhərin bir çay axar.

Qırağında çayın "azad" ağacı,

Sayəban, qaməti düz, misli-nigar.

Quşların nəğməsi oxşar ruhi,

Qələm istər hələ yazsın əşar.

Istəsən ki, gəzəsən çay qırağın,

Mümkün olmaz, neçün, əngəl çox var.

Hər kəs axşam götürə avtavasın,

Ölitək kəllə, bağırsaq, mırdar.

Orada xəlq verər meyyitə qüsl,

Orada həpsi yuvarlar paltar.

Yoğurur orda çörəkçi xəmirin,

Qoyuni orda kəsər qəssablar.

Dəstəmaz ordan alar Şeyx Hüseyn,

O sudan evdə qoyarlar səmavar.

“Ona mırdar demək olmaz”, - dedilər,

Deyəcək "abi-rəvan" xürdü kübar.

Orada, sanma ki, xortdan yaşayır,

Dinli, imanlı müsəlman yaşayır.

 

Bakü şəhri

Bakünin şəhri münəzzəm, məğrur,

Axşamı ərşə saçar ləm'eyi-nur.

Mavi gözlərlə baxar bəhri-Xəzər,

Yüzər üstündə qayıqlar məsrur.

Bulvar əsl tənəffüs yeridir,

Şəhərin bağçaları pək məmur.

Tikilib evləri son sistem ilə,

Səkilər pak, təmiz, cayi-übur.

Bu ticarət və sənaye yeridir

Yaşamaq hər kəsə olmuş məqdur.

Xəstələnsə kişi, fövrən sağalar,

Çünki hər kuçədə var yüz doxtur.

Bircə iş var ki, bazardan yuxarı,

Çıxma, çıxsan belə könlün tutulur.

Yenə it cəmdəyi, qursağ çürüyi,

Toyuğ, ördək başı dəhşət qoxuyor.

Ləngərud şəhri gəlir xatirinə,

Içəri şəhrə yağarsa yağmur.

Ləngərud çayını görsən də, o söz,

Şübhəyə düşmə, günahdır, hələ dur.

Sanma ki, orda da, xortdan yaşayır,

Dinli, imanlı müsəlman yaşayır.

                                                                            1926



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info