Qonaq Kitabı
BİRİNİN BAYRAMI, BİRİNİN MATƏMİ

Şiə mollalarının adəti-qədiməsinə müğayir olaraq, bu il nədənsə oruc bayramı bir gündə vaqe oldu. Bu vəqtə qədər görülməmiş bu "ittihadi" pozmamaq içün Şeyx Qəni ağa ramanalı Şeyx Hüseynə bir məktub yazıb onu və onun vəz etdigi Ramana və Bizovna cəmaətini təbrik edir:

 

Xəbər var ki, bayramda mövlayi-şeyx,

Yazır şeyx Hüseynə ki, ey namdar,

Səni xaliq heç etməsin şərmsar,

Mübarək ola eydin, ağayi-şeyx.

 

Alan tək bu məktubumi basürur,

Xəbər ver, cəmaət ola şadkam.

Bu gün eyddir, oldu ruzə təmam,

Onu tutmaq, əlbəttə, mümnü'dir.

Şeyx Qəni bu məktubu bir qasidə verib Şeyx Hüseyn ağanın hüzuruna rəvanə edir. Qasid Ramanaya çatmamış, yolda Buzovnaya gedən Şeyx Hüseynə rast gəlib deyir:

 

Əssəlam, ey babası göglərə merac eləyən,

Əl çəkən malü puldan, özüni ac eləyən!

Çöhrənin nuri ilə oldu münəvvər yürəgim,

Sana qurban soğanım, yağlı qoğalım, çörəgim,

Sana bu naməni yazmışdır ağam Şeyx Qəni,

Ağamın məqsədi də baxəbər etməkdü səni,

Şəhrdə cümlə müsəlmanlar ediblər bayram,

Çünki bayramda oruc tutmaq edilmüşdü həram.

 

Şeyx Hüseyn bu xəbəri eşidən kibi rəngi saralır, dizləri titrəyir, məktubu almaq istəmir və bir az götür-qoydan sonra məktubu alıb qasidə mehriban-mehriban deyir:

 

Ey nuri-didə, canım bəradər,

Bu nə xəbərdir, Allahu əkbər?

Guş et bu pəndə,

Sən getmə kəndə.

Bayram edər xəlq şeyxi deyəndə,

Sən getsən əvvəl heç kəs inanmaz,

Hər nə desən də, bir kimsə qanmaz,

Sən gəl qayıt get, bu şeyxi şad et,

Əcrin verər həq, üqbadə, əlbət –

deyə zavallı Şeyx Hüseyn Ramanada füqəra üçün pul toplayıb Bizovnanı da bu günə "anarşit" eləyibmiş, indi kənd əhli bu günün bayram olduğunu duyarsa, yəqin məscidə yığılmayacaq və şeyx də füqəra içün pul toplaya bilməyəcəkdi. Nə isə,

qasidi bir çox dualar və yağlı dillər ilə tovlayıb geri qaytarır. Özü isə faytonda gedə-gedə fikirləşir ki, yaxş; ey dili-qafil! Indi nə olsun? Əgər cəmaətə bu günü oruc tutdursam, onda feli-həramə mürtəkib olaram, bayram elan etsəm, füqəranın pulu batar, nə qayırım ki, nə şiş yansın, nə kəbab. Əlin çolaq olaydı məktub yazan yerdə, Şeyx Qəni.

Bir az fikirləşəndən sonra şeyx feli-həramdan qorxub qət edir ki, bu Bizovnaya çatan kibi cəmaəti yığıb bayram elan etsin. O bu fikirdə ikən görür ki, faytonun bir təkəri yağsızlıqdan cırıldayır. Bu guya zəbani-halilə deyir:

 

Qurban olsun, ay para, insafü vicdanım sana,

Məzhəbim, ayinü keyşim, dinim, imanım sana,

Cənnəti-firdovsi əsla istəməm üqbadə mən,

Huri-qılmanlar fəda olsun, cibişdanım, sana.

Hər nə var, sənsən, səninçün xəlq olubdur büsbütün,

Ay kağız çervon, fəda ayatü Quranım sana.

Öylə zibasan ki, görcək hüsnini könlüm uçar,

Valeh olmuşdur bütün əqlim, tənim, canım sana.

Təkərin bu nəvayi-dilxəraşı şeyxi əvvəlki fikrindən döndərdi. Şeyx yenə çarə aramağa başladı. Birdən yadına bir şey düşdü. Şəriətdə öylə bir şey var ki, "getdin, gördün ki, şərab içirlər degilən inşəallah ki, sirkədir".

Şeyxin kefi düzəldi, öz-özünə dedi:

– Inşəallah ki, bu kağızda bayram sabah olduğu yazılıbdur. Yaxud inşəallah ki, Şeyx Qəni şoğərib bu kağızı heç bənə yazmayıb. Yolun ortasında qasid də bənə verməyibdir.

Xülasə, ramanalı Şeyx Hüseyn Bizovnaya varid olur. Minbərə dırmaşır. Dünyanın faniligindən, pulun çirkin şey olduğundan, huridən, qılmandan vəz edir, sonra bir bizə nigah urub cəmaəti bir az ağladır. Silsiləcünban də öz qaidəsilə

əyağə qalxıb cəmaətdən pul yığıb saf-çürük eləyəndən sonra yerdə qalanın şeyxə təslim edir. Şeyx arxayınca pulları cibinə yerləşdirir və gedib xəlvətcə müxtəsər qəlyənaltı eləyir. Axşam saat 5-də simasını pozğun, övqatını təlx qayırıb təcili surətdə məscidin həyətinə gəlir və müəzzini dama çıxarıb münacat verdirir. Cəmaət məscid həyətinə toplaşır ki, görsün nə xəbərdir. Şeyx əmmaməsi qoltuğunda boyni çiynində gözlərindən abi-neysan kibi yaş axdığı halda cəmaətin

qarşısında deyir:

 

Ey əhli-iman, ətövbə, tövbə,

Oldum peşiman, ətövbə, tövbə.

Əlan eşitdim bayram olubmuş,

Hər iş yerində əncam olubmuş,

Cümlə müsəlman nakam olubmuş,

Siz acü ətşan, ətövbə, tövbə.

 

Bən başı daşlı etdim qəbahət,

Nahəq qalub ac bir gün cəmaət,

Versin əvəz Həq ruzi-qiyamət,

Qırx-əlli qılman, ətövbə, tövbə.

Cəmaət! Günahi-kəbirədir. Şəhər mollalarına arxayın olub oturdum ki, bayram olsa, bizə də xəbər verərlər. Allah lənət eləsin onlara, onlar əhli-dünyadır, nə isə, iş-işdən keçib, daha durmayın iftarə az qalır, gedin bayram eyləyin. Yoxsa feli-həram etmiş olarsınız. Ravi rəvayət eləyir ki, möminlər donquldanmağa başladı və hətta bir neçəsi şeyxin mübarək saqqalının da adını çəkdilər. Allah bu şeyxi nankor cəmaətin arasından çıxarıb öz yanına aparsın.

                                                                                                                       1926

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info