Qonaq Kitabı
YA ŞEYX!

Cümə məsciddə Şeyx Qəni ilə Mirzə Kamyabın vəqt üstündə mübahisələri düşdügi üçün Şeyx acıq edüb getmiş və sonra tərəfdarları onı yenə xahişlə məscidə çağırmışlar.

 

Rəhm et, bizə gəl salma bizi çöllərə, ya şeyx!

Ya şeyx, qayıt, küsmə, otur minbərə, ya şeyx!

 

Bir mərsiyəxandan küsərək, etmə təğəyyür,

Öz kisənə, əlbəttə, ziyandır bu təkəbbür,

Axşam bizə gəl, firnini ye, hirsini söndür,

Biz bəndələrin mali də, lap canı sənindür,

Rəhm et, bizə gəl, salma bizi çöllərə, ya şeyx!

Ya şeyx, qayıt, küsmə, otur minbərə, ya şeyx!

 

Hər mərsiyəxan vaiz edən söhbəti sevməz,

Vaiz özi də onda olan haləti sevməz,

Dərvişə soruşsan, bu iki "millət"i sevməz,

Panbuğçi kişi, qaidədir, ağ iti sevməz,

Rəhm et, bizə gəl, salma bizi çöllərə, ya şeyx!

Ya şeyx, qayıt, küsmə, otur minbərə, ya şeyx!

 

Çoxdursa da gər Kamyabın əski günahi,

Hiç şəkk edəməm, əfv eləmiş həpsin ilahi,

Hər halda bu gün vardır onun minbərə rahi,

Vardır kişinin can çıxaran şuri, segahi,

Rəhm et, bizə gəl, salma bizi çöllərə, ya şeyx!

Ya şeyx, qayıt, küsmə, otur minbərə, ya şeyx!

 

Nə edək, sən özin bil, bizə vəzin gərək əlan,

Keçdin bu cəhandan oni tanrı qıla viran,

Lap tökdi daha zəhləmizi Fatma, Tükəzban,

Mömin qocayız, pul verəriz, sat bizə qılman,

Rəhm et, bizə gəl, salma bizi çöllərə, ya şeyx!

Ya şeyx, qayıt, küsmə, otur minbərə, ya şeyx!

 

Çıxsa da əldən dükan, ölmüşsə ticarət,

Pendir-çörəgə evdəkilər qalsa da həsrət,

Qorxma, sana pul toplanacaq, keyfini saz et,

Qoy mirzə də alsın, sana bundan nə əziyyət,

Sən də, o da iftarə yeyək bal, kərə, ya şeyx!

Əl toğlusu tək piy yığıla peysərə, ya şeyx!

Rəhm et, bizə gəl, salma bizi çöllərə, ya şeyx!

Tax eynəgini, bənzə qoca əntərə, ya şeyx!

Ya şeyx! Qayıt, güsmə, otur minbərə, ya şeyx!

                                                                                    1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info