O NƏDİR?
Sana cavab budur, söz soran aşıq, İmlamızdır – sözi vardır, özi yox, Mən yazıram anlamağıma müvafiq, Şairlərdir – özi vardır, sözi yox.
Ziyalıdır – bizləməsən, çalışmaz, Kəndlimizdir – dindirməsən, danışmaz, O İrandır – xeyrə-şərə qarışmaz, Çemberlendir – həq görməgə gözi yox.
O məzhəbdir – vəqti keçmiş, ölməyir, Alverçidir – hey ağlayur, gülməyir, Doktorlardır – yaxşı-yaman bilməyir, O narkomdur – özin görir, bizi yox.
Kənd yoludur – mümkin ikən yapılmaz, "Qorniyak"dır – ignə satar, sap olmaz, "Baksayuz"dur – istədigin tapılmaz, "Azsayuz"dur – arşını var, bezi yox.
Klublardır – ayda qırx gün bağlanır, Qulluqçusi bir həftə yağlanır, "Komunxoz"dur – qapısında ağlanır, Kənd "bangı"dır – yoxdan başqa sözi yox.
O maşındır – gün uzuni işləyir, O dəllaldır – işləmədən dişləyir, O hacılardır – gündə arvad boşayır, Kablayıdır – oğlan sevir, qızı yox.
Kənd məktəbi – bir həsirdir, dörd divar, Müəllim yox, bir qapıdır, bir açar, Kənd şurası – gördiginə göz yumar, Mənzili var, içində bir mizi yox.
"Aztseso"dur – dəftəri çox, işi az, "Narkom" sabez – "sabah gəl"i qutarmaz, "Narkompros" – cavab verməz, yüz bin yaz, Kopratifdir – qışda getsən, buzi yox. 1926
|