Qonaq Kitabı
O NƏDİR?

Sana cavab budur, söz soran aşıq,

İmlamızdır – sözi vardır, özi yox,

Mən yazıram anlamağıma müvafiq,

Şairlərdir – özi vardır, sözi yox.

 

Ziyalıdır – bizləməsən, çalışmaz,

Kəndlimizdir – dindirməsən, danışmaz,

O İrandır – xeyrə-şərə qarışmaz,

Çemberlendir – həq görməgə gözi yox.

 

O məzhəbdir – vəqti keçmiş, ölməyir,

Alverçidir – hey ağlayur, gülməyir,

Doktorlardır – yaxşı-yaman bilməyir,

O narkomdur – özin görir, bizi yox.

 

Kənd yoludur – mümkin ikən yapılmaz,

"Qorniyak"dır – ignə satar, sap olmaz,

"Baksayuz"dur – istədigin tapılmaz,

"Azsayuz"dur – arşını var, bezi yox.

 

Klublardır – ayda qırx gün bağlanır,

Qulluqçusi bir həftə yağlanır,

"Komunxoz"dur – qapısında ağlanır,

Kənd "bangı"dır – yoxdan başqa sözi yox.

 

O maşındır – gün uzuni işləyir,

O dəllaldır – işləmədən dişləyir,

O hacılardır – gündə arvad boşayır,

Kablayıdır – oğlan sevir, qızı yox.

 

Kənd məktəbi – bir həsirdir, dörd divar,

Müəllim yox, bir qapıdır, bir açar,

Kənd şurası – gördiginə göz yumar,

Mənzili var, içində bir mizi yox.

 

"Aztseso"dur – dəftəri çox, işi az,

"Narkom" sabez – "sabah gəl"i qutarmaz,

"Narkompros" – cavab verməz, yüz bin yaz,

Kopratifdir – qışda getsən, buzi yox.

                                                                                  1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info