Qonaq Kitabı
BALAXANI MƏNƏM-MƏNƏM DEYƏNLƏRİNƏ TÖHFEYİ-ƏBƏDİ

Pəh-pəh, nə gözəl məktəbi-xeyriyyə yaratdın,

Əhsən sənə, məşdi, nə cəhalət daşın atdın.

Dəvət elədin məktəbə bir kaç də müəllim,

Alsın küçədə qalmış uşaqlar hamı təlim,

Məktəb işi, xeyriyyə işi banisi oldun,

Əhsən sənə, məşdi, belə doğri yoli buldun.

Rəhmətlik atan olmağa müstəğriqi-rəhmət,

Əlbəttə, səzadir ola şayəsteyi-rifət...

Gördim mən ötəndə oxuyur hamsı həmavaz,

Ey mərdlərin şanlısı! Ey qeyrəti-mümtaz!

Coğrafiya, sərf, həndəsəvü elmi-hesabı,

Ortadə müəllim, hamı açmışdı kitabı,

Məşğuli-qiraət idilər cümləsi yeksər,

Hər müşkül işin həllini onlar hamı bəklər.

Söylərdi müəllim olara keçmişi, hali,

Müstəqbəli söylərdi, fəqət, yoxdi məali.

Çünki şu mübarək qədəmin çıxsa aradən,

Məktəb sözin hamısı qovarlardı həvadən.

Min kərrə təşəkkür sənə, ey kani-məarif,

Sərf eyləmisən məktəbə sən çoxli məsarif,

Haşa ki, sənin şəninə gəlməz dəxi nöqsan,

Oldun bu həvəslə bu güni elmə nigahban.

Sən böylə həvəs ilə ki, oldun işə azim,

Söylə, görəlim, bir dəxi nahər nəyə lazim,

Onsuz məgər açmaq olamaz məktəbi-ürfan

Təlimə çapuq gəlməgə ya yoxmu yetiman?!

Hala ki, açıbsan oxudur kaç nəfər ustad,

Məktəb odası, sinifləri – hər yeri abad,

Görməz dəxi səndən gözəl insanı zəmanə,

Çatdın necə, bax, mərtəbəyə, şanlı məkanə.

Hifz eyləyəcək ismini hər səfheyi-tarix,

Mərd oldun özin mərd ilə mərdanəliyə pix.

Artıq şu məarif işinin banisi sənsən,

Əhsən sənə, əhsən sənə, əhsən sənə, əhsən.

                                                                        1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info