Qonaq Kitabı
YOLKA BAYRAMINDAN MƏHRUM OLANLARA TÖHFƏ

Ax, ilahi, bəxtimiz ram olmadı,

Bu sənə evmizdə bayram olmadı.

 

Hər sənə yolka alardım mən dirəng,

Yolkadan şeylər asardım rəngbərəng,

Xırda "güllər", “alma”lar, şamlar qəşəng,

Xırda-xırda kuklalar boynunda zəng,

Ev qonaqsız heç bir axşam olmadı,

Ah, bu il evmizdə bayram olmadı.

 

Dün gecə sordi uşaq, yolkam hanı?

Söylədim, oğlum, dolandım hər yanı,

Tapmadım heç yerdə sabiq yolkanı,

Yolkadan bomboşca gördüm meydanı,

Neyləyim, oğlum, sərəncam olmadı,

Ah, bu il evmizdə bayram olmadı.

 

Ah, ah, ey yolka, ey keçmiş zəman!

Bayram olcaq mən olardım şadiman,

Süfrə əlvan, süfrədə şanpan-flan,

Mən piyan, oğlum piyan, Marqo piyan,

Arvadım zalım qızı ram olmadı,

Ah, bu il evmizdə bayram olmadı.

 

Gəldi bayram bir çuval qəmtək mənə,

Oldi dünya lap cəhənnəmtək mənə,

Evmiz oldi bəzmi-matəmtək mənə,

Yazıq oğlum baxdı sərsəmtək mənə,

Ağladı heç bir aram olmadi,

Ah, bu il evmizdə bayram olmadı.

 

Buğları sabiq kimi heç eşmədim,

Ruslara getdim qonaq, əgləşmədim,

Verdilər içdim, vəli, lülləşmədim,

Mən kimi heç bəndə nakam olmadı,

Ah, bu il evmizdə bayram olmadı.

                                                                  1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info