Qonaq Kitabı
İNŞAALLAH

Millətin xoş güni axır gələr, inşaallah,

Biz də bir gün olarız bəxtəvər, inşaallah.

 

Alçaq deyir ki:

Çayçılarda hələlik zurnamızı çalmalıyız,

Köhnə paltar Quba meydanda satıb-almalıyız,

İləri getsə də, getsin hamı, biz qalmalıyız,

Qabağa istəsə millət gedər, inşaallah,

Biz də bir gün olarız bəxtəvər, inşaallah.

 

Xırda tüccar deyir ki:

Hələlik buğdanı üç yüz manata satmalıyız,

Buğdanın ağ uninə arpa uni qatmalıyız,

Bir-birin gündə Əli eşqinə aldatmalıyız,

Cürmimizdən özi molla keçər, inşaallah,

Biz də bir gün olarız bəxtəvər, inşaallah.

 

Cavanlarımız deyir ki:

Kazino artıq açılmış, bu da bir fali-nikü,

Şükrillillah, bizə qarşı gəlir iqbali-nikü,

Toplanıb iştə ora əlli nəfər mali-nikü,

Gecə girsən, çıxacağsan səhər, inşaallah,

Biz də bir gün olarız bəxtəvər, inşaallah.

 

Milyonçularımız deyir ki:

Getdi türklər, açılar şimdi ticarət qapısı,

Bizə işrət qapısı, fəhləyə zəhmət qapısı,

Bir tərəfdən qapanar rəhmü mürüvvət qapısı,

Füqəra verməyəcək dərdəsər, inşaallah,

Biz də onda olarız bəxtəvər, inşaallah.

 

Molla deyir ki:

Xəstəlik aləmi tutmuş bu də bir müjdə, əvət,

Xəlq ölər, süfreyi-ehsan düzələr, süfrədə ət,

Ağ pilov, turşi badımcan, cücə büryan, şərbət,

Yeyərəm, məst olaram bixəbər, inşaallah,

Onda mən də olaram bəxtəvər, inşaallah.

 

Inteligent deyir ki:

Hələlik "iski"ləyib adları adam tutaq,

Gecə təşrif aparaq restoranə, cam tutaq,

Görərək millətin iflasını, aram tutaq,

Özi axır olacaq bir təhər, inşaallah,

Onda biz də olarıq bəxtəvər, inşaallah.

 

Ricali-hökumət deyir ki:

Qarını yoğunca bəgim məmləkətin rahbəri,

Bu yoğun qarnıma dolmuş hamının dərd-səri,

Mən gələndən bəri gərçi gediyor xəlq geri,

Yola doğru yüzi bir gün dönər, inşaallah,

Biz də bir gün olarız bəxtəvər, inşaallah.

 

Aktyor deyir ki:

Yüzimi rəng ilə əlvan edərəm millət içün,

Səhnələrdə sürünüb can verərəm millət içün,

Hələ gəncəm, taparam bir quri nan külfət içün,

Qocalarsam, mənə millət gülər, inşaallah,

Onda mən də olaram bəxtəvər, inşaallah.

 

Əhli-qələm deyir ki:

Hələlik bir soyuq evdə yataram ac-yalavac,

Bilirəm qəmlərimə etməyəcək kimsə əlac,

Ruhi-ülvimi qoy etsin hələlik qəm tarac,

Ölərəm, sonra adım söylənər, inşaallah,

Topraq içrə olaram bəxtəvər, inşaallah.

                                                                           1918

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info