Qonaq Kitabı
BİR MÖMİNİN AVROPALIYA XİTABI

Ay avropalı, tut sərü, saman sənin olsun,

Hörmət sənin, izzət də sənin, şan sənin olsun.

Elmə, hünərə səy qıl, ürfan sənin olsun,

Sənətdə ucal, aləmi-imkan sənin olsun,

Zəngin odalarda otur, eyvan sənin olsun,

Hər yerdə gözəl, sevməli canan sənin olsun,

Bir beyt yuvası köhnəcə yorğan mənə bəsdir,

Cənnət quşuyam yatmağa külxan mənə bəsdir.

 

Öydürmə dərin əqlini vəzi-üləmayə,

Bir saətini boş yerə sən vermə fənayə,

Tap texnikanı, padşah ol ərzü səmayə,

Pul istər isən getməgə yol yulduzə, ayə,

Sal elm yolunda başını dərdü bəlayə,

Məruzə oxu texnikalardan cühəlayə,

Lazım degil, əlbəttə, bular biz üqəlayə,

Beş gün bu cəhanda quri bir nan mənə bəsdir,

Üqbadə isə cənnəti-rizvan mənə bəsdir.

 

Ol qədr oxu kim, elm eləsin başını sərsəm,

Elmilə müsəxxər elə, olsun sənin aləm,

Insanları lap həlqə beguş eylə cəhənnəm!

Bir həlqə də ver, ta ki salım guşimə mən həm,

Lakin genə əfzəl mənəm, ey küfri-mücəssəm,

Sal yadına, a kişi, ölümi, qəbri dəmadəm,

Boş elm yolunda keçər ol huridən adəm?

Huridə olan ol ləbi-xəndan mənə bəsdir,

Qoy huri qala mollaya, qılman mənə bəsdir.

 

Sazla gəmilər, qoy sənin olsun okeanlar,

Məmlukin ola isgələlər, cümlə limanlar,

Göglərdə səyahət elə yap aeroplanlar,

Sualtını gəz, tap oradan tazə nişanlar,

Qəhr olmalı bu işdə sənə qibtə qılanlar,

Möminlərə bəsdir dili xoş mərsiyəxanlar,

Bir ildə on ay dideyi-giryan mənə bəsdir,

Zəncirü qəmə, tövqi-zərəfşan mənə bəsdir.

 

Vermə, a dəli, beyninə sən bir gecə rahət,

Işlə, genə işlə, gecə-gündüz çək əziyyət,

Tədqiq elə həp maxələqi, ömrini sərf et,

Dər dəst ola ta kim, sərrişteyi-hikmət,

Yar, parçala, tik, bətndə gər olsa cərahət,

Mən bunları lakin sanıram cüzi zərafət,

Sən öylə xəyal etmə ki, yox bizdə təbabət,

Ülgüc, həcəmət, neştəri-bürran mənə bəsdir,

Bir tütünotum, bir quri reyhan mənə bəsdir.

                                                                           1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info