Qonaq Kitabı
BƏŞARƏT

Derlər ki, cahan yeksərə viran olacaqdır,

Abad qalan tək bizim İran olacaqdır.

Dünya yüzi daim qalacaqdır qəlyanda,

Heç kəs yaşaya bilməyəcək əmnü əmanda,

Sülh olmayacaq, yüz sənə də keçsə, cəhanda,

Bir dəfə xüruc etməyə bir xan Həmədanda,

Dünyanı salan nəzmə həman xan olacaqdır,

Abad qalan tək bizim İran olacaqdır.

 

Bir falçıya sordum ki, nə vardır yeni əhval,

Baxcaq falına söylədi, iş yaxşıdır əlhal,

İranda xəvanin yığaraq üç körür həmmal,

Sövq eyləyəcək Avropaya onları əmsal,

Avropa bütün qanına qəltan olacaqdır,

Abad qalan tək bizim İran olacaqdır.

 

Yüz min əli zəncirli, qanı qarə qəbalı,

Yüz min dəxi dərvişlər ol firqeyi-ali,

Bir ləşkəri-nüsrət ki, yoxdi misali,

Avropalılar görsə bizim böylə cəlali,

Anlar ki, necə yer yüzi tufan olacaqdır,

Abad qalan tək bizim İran olacaqdır.

 

Sonra gedəcək qərbə tərəf beş min əmamə,

Ta kim, salalar cümləsini nəzmü nizamə,

Avropalılar qalxmalıdır cümlə qiyamə,

Iman gətirə ta ki, hamı şeyxi-Hümamə,

Yoxsa o müqəssirlərə divan olacaqdır,

Abad qalan tək bizim İran olacaqdır.

 

Daim yaşasın dəhrdə fateh dəgənəklər,

Işbu dəgənəklər tutan ol bəbr biləklər,

Dünyayə gərək hakim ola cümlə giləklər,

Insanlara onlar baxacaq, hökm edəcəklər,

İranın əliylə hamı saman olacaqdır,

Yol göstərən insanlara İran olacaqdır.

                                                                      1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info