Qonaq Kitabı
"İSKİ"LƏR, "OF"LAR, "Lİ"LƏNDILƏR

İskilər, oflar bu gün "li"ləndilər,

Novpərvərlər də milliləndilər.

 

İskilər "oğli"lərin dəmsazıdır,

"Zadə"lər də "of "lərin həmrazıdır,

Cümləsi millət, vətən "canbazıdır",

Qalxdılar yeksər tərəqqiləndilər,

İskilər "of "lar bu gün "li"ləndilər.

 

Öylə bir təğyiri-aləmdir bu gün,

Ağ boğazlar xəlqə məhrəmdir bu gün,

Öz lisanın bilməyən kimdir bu gün,

Köhnə işlər həpsi faniləndilər,

“İskinlər”, “of ”lar bu gün "li"ləndilər.

 

Şapqaya heç kəs dəxi etməz həvəs,

Köhnəlikdən gəlməyir bir zərrə səs,

"Meydanski" "Şalbanski" noldu bəs?

 Şişdilər, üfürüldülər enləndilər,

“İski”lər, “of ”lar bu gün "li"ləndilər.

 

Anlamış ancaq bu gün millətin,

“Li'ləmiş ismin, dəgmiş surətin,

Heç inanmam dəgişə öz xasiyətin,

Rusluğa əzbəski adiləndilər,

“İski”lər, “of ”lar bu gün "li"ləndilər.

 

"Li"ligindən köhnə "li" görməz səmər,

“İski” olmuş "li" olan tək bəxtəvər,

“İski”lər “of ”lar, canınçün, sərbəsər

"Li" olantək cümləsi "pi"ləndilər,

“İski”lər, “of ”lar bu gün "li"ləndilər.

 

Sandığa qoymuş hamı "iski"ligin,

İşlədər şimdi əlində “li”ligin,

Başlasa çərxi-fələk yağiligin,

Bir də baxsan həpsi "iski"ləndilər,

“İski”lər “of ”lar bu gün "li"ləndilər.

 

Batdı səhnə, öldi sənət, ay dədə,

"İski"siz artist olarmı səhnədə?

Xəlqdə insaf yox, bir zərrə də,

Səhnəyə artistlər asiləndilər,

“İski”lər, “of ”lar bu gün "li"ləndilər.

                                                                       1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info