Qonaq Kitabı
RÖVZƏXAN

On səkkiz, hər tərəf, hər yanda gəzdim bağrıqan,

Kimsəsiz, hər mədrəsə küncində tutdum aşiyan,

Gah tapardım, gah yox, əkmək yeyərdim həp yavan,

Tirboyun tüllablarla ömr sürdim hər zəman,

Imtəhan verdim, nəhayət, sonra oldum rövzəxan,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

 

Ağcigər kimi saraldı dərddən ruxsari-al,

Saqqalı qoydum uzansun yarım arşın laməhal,

"Qumri" vü "Dilsuz"dən mən eylədim kəsbi-kəmal,

Bakuyə qoşdum hər il, pullar qazandım bir çuval,

Cib doli döndüm geri, Xalxal tərəf oldum rəvan,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

 

Ilbəil artdım, ucaldım, xəlqə oldum şeyxi-pir,

El qulamım oldular, istər səğir, istər kəbir,

Hər səhər çay süfrəm içrə şit kərə, qaymaq və şir,

Hər gecə həmlə edərdim nimçəyə çün nəreyi-şir,

Sovtimdən titrəyirdi o şələ, dolma-flan,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

 

Işbu il, ey vah, qaldım şoğərib Xalxaldə,

Baküdən çox-çox uzaq yerdə yaman əhvaldə,

Hər tərəf məsdud, mən məhbuslər əmsaldə,

Hardasan, ey Bakü əhli, böylə müşkil haldə,

Siz degilmidüz mənim ümmətlərim pirü cəvan,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

 

Könlümi talan edər hər ləhzə min rəncü kədər,

Evdə qaldım, heyf kim, mümkin degül etmək səfər,

Badkubə içrə oldi rövzəpəzlər bəxtəvər,

Hər biri yüz məclisi tutmuş, verirlər dərdi-sər,

Mən kibi bir şeyxi-kamil evdə qalmış bağrıqan,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

 

Ey yürək, əmrazimə tək bircə dərmanım pilov,

Gəl-gəl, ey siminbərim, tabi-tənü canım pilov,

Sən mənim əqlim, vücudim, qəlbü vicdanım pilov,

Sən mənim Məkkəm, Mədinəm, dinü imanım pilov,

Sənsiz aləm olmasun məxrubə, olsun asiman,

Əlaman, ey çərxi-gərdun, gərdişindən əlaman.

                                                                              1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info