Qonaq Kitabı
ŞALBAN

Necə mən ağlamayım halına dükkançıların,

Keçən il lüt, bu sənə cümləsi milyonçuların.

 

Binəvalar hamısı düşmənə tarac oldu,

Gündə on min qazanan kəs kölədi, ac oldu,

Xəlqi soymaqla beş-on milyona möhtac oldu,

Işi yaşdır bu müqəddəslərin, imançıların,

Necə mən ağlamayım halına dükkançıların.

 

Malını bir manata alsa, satar əllicəyə,

Yaş-quri, sağ-çürüş, baxmayacaq hər neçəyə,

Satacaq ac qalana, qoymayacaqdır gecəyə,

Aclara çünki yanar hali bu insançıların,

Necə mən ağlamayım halına dükkançıların.

 

Kənd dəgirmançısının xəlqə məhəbbətlərinə,

Bir mükafat olacaq etdigi xidmətlərinə,

Bu çətin vəqtdə göstərdigi himmətlərinə,

Parapet – üç dirək ənamı dəgirmançıların,

Necə mən ağlamayım halına dükkançıların.

 

Sordular qanını xəlqin genə heç doymadılar,

Var-yoxu aldılar, heç kəsdə qəpik qoymadılar,

Pullarını aldılar isə, dərisin soymadılar,

Genə rəhmət ola insafına vicdançıların,

Necə mən ağlamayım halına dükkançıların.

 

Kənd dükkançısının halı düzəlməz əsla,

Aclığından əriyib ordları dolma-dolma,

Nə alış var, nə veriş, həpsi edər vaveyla,

Bəd gətirdi əli bu ildə badımcançıların,

Necə mən ağlamayım halına dükkançıların.

 

Nuşcan et o halalca qazanan dövlətini,

Olma insan kimi, tərk etmə gözəl adətini,

Şükrilillah ki, dəxi görməyirəm surətini,

Sövti-bədləhnin eşitməm dəxi bostançıların,

Necə mən ağlamayım halına dükkançıların.

                                                                              1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info