Qonaq Kitabı
HAZIRLIQ

Gəldi genə əyyami-müsibət, a cavanlar,

                                 haydı, işə başla.

Çoxdur pulumuz, ver də yesin mərsiyəxanlar,

                                 köhnə peşə başla.

Düşmənlərimiz əhlimizə hər nələr etmiş,

                                  küllən bilir aləm.

Evmiz dağılub, var-yoxumuz qarətə getmiş,

                                  canın becəhənnəm.

Çıxsın canımız, pul qazanaq, məclisimizdə

                                   səf-səf duran olsun,

Yaşıl, qara geymiş, özi çılpaq iki üzrə,

                                   zəncir vuran olsun.

Arşın, tərəzi əgri-düz olsa nə ziyanı,

                                    vicdanımız olsun.

Ancaq çalışaq, razı salaq mərsiyəxanı,

                                    imanımız olsun.

Iman dedigin şey nədədir – tövqdə, təbildə,

                                     əlbaqi yalandır.

Onlarla günah pak olacaq bizdən hər ildə,

                                     əl çəkmə, amandır.

Elmü mədəniyyət nə demək – xəncəri sazla,

                                     üdvanlara lənət.

Nəş olmağa üç-dörd yekə bir həmşəri sazla,

                                     şeytanlara lənət.

Çək zənciri, vur başına, ol qanına qəltan,

                                      bir başqa kələk var.

Naxoşla da, yat, başına bağla yekə yorğan,

                                       biclik eləmək var.

Göstər həkimə yarələrin, eyləsin "ay-ay",

                                       max vermə, qəm etmə.

Əhvalını görsün, elə yazsın "eto balnoy",

                                       əsgərligə getmə.

Əsgərligə getmə, nə olur millətin, olsun,

                                         batsın yerə millət,

Əg börkini, at qollarını, hörmətin olsun,

                                           vur "votka"nı, keyf et.

Aç çayçı dükanı,

Çaldır balabanı,

Əsgərligə düşsən,

Ver mollaya rüşvət.

                                                                                  1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info