Qonaq Kitabı
SİPƏHDARİ-ƏZƏM

Ey fələk, pozdun əcəb samanımı,

Badə verdin dinimi, imanımı,

Əldən aldın mülkimi, milyanımi,

Səxtimi, Çalusimi, Gilanımi,

Rəşt, Qəzvinimi, Laycanımi,

Qoymadın Əsəd kibi oğlanımi

Kim, ucaltsın asimanə şanımi,

Qoyma barı cəngəl alsun canımi,

Ta ki, rahət eyləyüm vicdanımi.

Ta Kuçik xan dəstəsi cəngəldədir,

Işlərim başdan-başa əngəldədir,

 

Qüssədən könlüm olubdur dağdar,

Noldi Tənkabun, Xürrəm, Şəhsuvar?

Handadır, çubü fələk, zindanü dar?

Əhli-Tənkabın, sanardı girdigar,

Bir çox illər kəndimi xurdü kibar,

Oğlum Əsəd keyf çəkərdi şahvar,

Hər gecə qonyaq, uşaq, mehman, siqar,

Hər günüz at, it, tüfəng, tazı, şikar,

Zəncirlər işləyir şamü nəhar,

Yağ, quzi, qaymaq dodaqlardan yağar,

Mən özim nə edim? vəziri-bavüqar,

Bu büsati kimlər etdi tarümar?

 

Ta Kuçik xan dəstəsi çəngəldədir,

Işlərim başdan-başa əngəldədir.

 

Mən vəziri-daxiləyidim ol zəman,

Bəlkə, İranə sərasər hökmran,

Cümlə xanlardı qapımda pasiban,

Keyf çəkərdim hər gün, hər saət, hər an,

Lül piyan, daim piyan, daim piyan,

Düşmən olsaydı mənə külli-İran,

Keyfdən qalmaz idim bir dəm, inan,

Çünki arxamdaydı sərdarım Ivan,

Yıxdılar atdan səni, ey yar can!

Işlərim bir gör necə olmuş yaman,

Bir Kuçik xan çıxdı çün şiri-jəyan,

Çaqqala döndüm, gəl, ey ibnüz-zəman.

 

Ta Kuçik xan dəstəsi cəngəldədir,

Işlərim başdan-başa əngəldədir.

 

Rəhm qıl, ey xaliqi-sübhan, mənə,

Doldurur saqqallılar qəlyan mənə,

Qəht olub İranda bir oğlan mənə

Kim, verir saqqallılar fincan mənə,

Vodka adinə verir al qan mənə,

Yan mənə, ey çərxi-dövran, yan mənə!

Olmadı qismət dəxi Gilan mənə,

Bari, yarəb, qıl ölüm ehsan mənə,

Səfheyi-İran olub zindan mənə,

Təng edib dünyanı Kuçik xan mənə.

 

Ta Kuçik xan dəstəsi cəngəldədir,

Işlərim başdan-başa əngəldədir.

                                                                                  1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info