Qonaq Kitabı
GƏL-GƏL, AY MÜŞTƏRI, MƏSLƏK SATIRAM

Tuti, çünki işimiz düşdi belə,

Sən də bu işdə bir az qıl əcələ,

Yaz bu elanımızı bildir elə,

Neçə illər çalışıb yığdıq ələ,

Indi mən onları tək-tək satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

 

Əzəl aclıq məni məcbur elədi,

Şoğərib millətə muzdur elədi,

Indi pul gəldi də məxmur elədi,

Məni millətdən əcəb dur elədi,

O keçən məsləki, bişək, satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

 

Hərə öz nəfinə tapmış yeni yol,

Satsiyaldır, federal, sağ ilə sol,

Mən də tapdım bu yoli, pul ilə bol,

Pul verən hər necə ollam desə, ol,

Gözimi pulliyə eynək satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

 

Indi mən burjuvazın lap dibiyəm,

O səbəbdən oların sol cibiyəm,

Oların vəsfini lazımdu diyəm,

Pul mənimdir, mən onun sahibiyəm,

Ey demokrat beçə, əl çək, satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

 

Görməyirsən ki, müsəlman nə yapır,

Yabısın tez duma hər cümə çapır,

Kimdə bir parça çörək görsə, qapır,

Bu qarın söhbətidir yaxşı yapır,

Mən də qarnım içün, ay bəg, satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

 

Pul, çörək eşqi dolubdur ürəgə,

Durmuşam ağ-qaranı görməməgə,

Xakpayəm ağa, dövlətlilərə, şanlı bəgə,

Satıram məsləki lap bir çörəgə,

Nə çörək? Versələr irmək, satıram,

Gəl-gəl, ay müştəri, məslək satıram.

                                                                            1917

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info