Qonaq Kitabı
NIKOLAY DAYIYA

Aman, ey şahi-dövran Kolyacan, ey şahlar şahı,

Evimdə un azaldı, lap unutdum yaddan Allahı,

Həya bilməm, ədəb qanmam, uşaq tək ağlaram gahi,

Gəl, ey zilli-ilahi, ey mənim iqbalımın mahi,

Uruslar, gürcülər, saldatkalar hər tövr olur olsun,

Gəl əyləş təxtinə, əncaq müsəlman qarnı tez dolsun.

 

Əgərçi xarici erkəkləri dəvadə qurbandır,

Həmişə arvadı, övladı min qüssə ilə nalandır,

Evində yox düyi, yağ, un, soğan, kartof, lap üryandır,

Genə mən tək həyasızlıq edən yox, bunlar insandır,

Uruslar, gürcülər, soldatkalar hər tövr olur olsun,

Gəl əyləş təxtinə, əncaq müsəlman qarnı tez dolsun.

 

Evimdə cümlə ərzağı yığarsan, bircə il çatmaz,

Gecələr aclığın xofundan hərgiz gözlərim yatmaz,

Bu zalım dum bənə, bilməm, tay un neçün satmaz,

Niyə aləm bu zülmün şiddətindən bir kərə batmaz?

Uruslar, gürcülər, soldatkalar hər tövr olur olsun,

Gəl əyləş təxtinə, əncaq müsəlman qarnı tez dolsun.

 

Gəl, ey şahım, pənahım, qibləgahim, təxtinə tez gəl,

Bu zalımlar səni qovdı, ediblər işləri əngəl,

Bazarda gırdavoy yox, qəmçi yox, məxluq olub tənbəl,

Polisdə sillə yox, yumruq da yox, cəncəldü lap cəncəl,

Uruslar, gürcülər, soldatkalar hər tövr olur olsun,

Gəl əyləş təxtinə, əncaq müsəlman qarnı tez dolsun.

 

Mən hürriyyət sevərdim ki, evimdə buğda bulaşsın,

Çayım, qəndim çoxalsun, ta simavər qaynasın, daşsın,

Özüm azad olum, yəni qəbağım başdan aşsın,

Nəinki dolmasızlıqdan kiçilsün peysərim çaşsın,

Uruslar, gürcülər, soldatkalar hər tövr olur olsun,

Gəl əyləş təxtinə, əncaq müsəlman qarnı tez dolsun.

                                                                                     1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info