Qonaq Kitabı
BU CÜMƏLƏRDƏN

Gəldim, ilahi, yeksər təngə bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Derlərdi, bu bəladır, gördim inandım, Allah,

Hər həftə cümə, hər ay dörd cümə yandım, Allah,

Avarə oldum işdən, düşdim, talandım, Allah,

Nə imiş xəsarət indi gördim də, qandım, Allah.

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Dövlət qazanmaq içün xəlqə dedim yalanı,

Gündüz-gecə çəkərdim aldatmağa palanı,

Beş-on şahi düzəltdim, əmma bu bəd bəlanı

Gör malımə daraşmış, salmış necə talanı,

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Məktəb uşağıyəmmi bağda qılam səyahət,

Qoy fələ-mələ qılsun hər cümə istirahət,

Mən tacirəm, əfəndim, var məndə çox ləyaqət,

Tüccarə layiq olmaz tətil tək həmaqət,

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Keçmiş zəman yalandan qaplarımı çəkərdim,

Lampanı yandırardım, qantarda əyləşərdim,

Nə canda qorxu vardı, nə bir yürəkdə dərdim,

Qulluqçu söz desəydi, milçək kibi əzərdim,

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Indi bizim nökərlər cümlə səfihü qanmaz,

Imanə bavər etməz, Quranına inanmaz,

Mövlud olarsa besət qantorda hiç dayanmaz,

Məndən də rüxsət almaz bu bihəya utanmaz,

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Zəhləm gedərdi, ey vah, dünyadə pirkeşikdən,

Zəncirimə müqəyyəd üftadə pirkeşikdən,

Yanmazmı canım indi azadə pirkeşikdən,

Hər cümə gəlmərəmmi fəryadə pirkeşikdən,

Gəldim, ilahi, təngə yeksər bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

 

Çərlətdi, canım aldı telfonçi çirklibaldır,

Beş-üç söyüş deyərsəm, qalxır, gözin bərəldir,

Lap öylə bir "köpək"dir, burnun göyə ucaldır,

Öldür, gəbərt, ilahi, yerdən bu şərri qaldır.

Gəldim, Ilahi, yeksər təngə bu cümələrdən,

Düşdi ticarətim lap ləngə bu cümələrdən.

                                                                        1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info