Qonaq Kitabı
AZAD OLUB

Qaç oğlan, bizim millət azad olub,

Bizim millət azad olub, zad olub.

 

Hürriyyət nədir, çünki biz anlarıq,

Çətin işmişmi, indi sahmanlarıq,

Vurub çırparıq, döşlərik, yanlarıq,

Bu gün nabələdmiz də ustad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Dəli at kibi qırmışıq noxtanı,

Hanı qurdavoy, qorxaq ondan, hanı?

Vurub tapdarıq arvadı, oğlanı,

Biz azadəyik, könlümüz şad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Vurub yıxmaq, öldürmək adət bizə,

Ev açmaq, oğurluqdu sənət bizə,

Edərdi pristav əziyyət bizə,

Pristav qaçıb, polisə bərbad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Ədavət, oğurluq çü canü tən əst,

Təfavüt nədir, ya mən əst, ya sən əst,

Qaranlıq küçə tində mən gizlən əst,

Səhər qoy desinlər, flan zad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Sala bilməz idik əzəl hay-huy,

Bizi qorxudardı Ivan, qurdovoy,

Məişət bizə indi bir toydi, toy,

Bu gün kor, keçəllər də cəllad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Bayıldan qaçan köhnə dustaqlarıq,

Biz hürriyyət hörmətin saxlarıq,

Kimə yetsək, əlbəttə, şıllaqlarıq,

Bu şıllaq bizə köhnədən ad olub,

Qaç oğlan, bizim millət azad olub.

 

Kişidi əzəllər gözüm düşməni,

Gərək indi arvad da saysun məni,

Qıçından çəkəm arvadın çəkməni,

Qəyur oğlana düşmən arvad olub,

Qaç oğlan, bizim millət azad olub.

                                                                          1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info