Qonaq Kitabı
YEZNƏ, YƏNİ NİKOLAY DAYI

Bilmirəm, yeznəmizin işləri yaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə,

 

Fələki-ruyi-siyəh qıldı onu xanənişin,

Döndərüb dul qarıya, aldı əlindən hər işin,

O ki, top atəşinə tutmadı Məşhəd günəşin,

Gündən hürkən gözü kor köhnə xəfaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Yoxsa məzlumlərin həqqini pamal elədi,

Vəqfü əmlakımızı kəndsinə mal elədi,

Ya ki məscidləri meyxanəyə timsal elədi,

Vedrələr quyruğuna, böyrinə daş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Sartı, qırğızları qırdırdımi, talan elədi,

Qars, Acar kəndlərin xak ilə yeksan elədi,

Atalar öldürüb ətfalını nalan elədi,

Oğlunun ağzı qara, gözləri yaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Ağlama, şah balası, ağlama, ey cani-pedər!

Dəxi şah olmadın, ey vah, əməlin getdi hədər,

Aldı sərrişteyi-kari ələ hər gəldi-gedər,

Pedərin bilmədim axır "Dubalaş"[1] oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Qətli-am etdimi biçarə yəhudlərini,

Qırdımı övrəti, ətfalını, yeksər ərini,

Əzdimi həq danışan kimsələrin peysərini,

Ayaq altında özü indi lavaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Gürcilər məmləkətin qəsb eləyib vermədimi?

Aldadıb aldığını yiyəsinə qaytarmədimi?

Ədlü insafi cəhan əhlinə göstərmədimi?

Bəs onun cani hədər, malı taraş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Gülşəni-bəxtin, a yeznə, nə səbəb soldu sənin,

Millətə yaxdığın odlar gözinə doldu sənin,

Lyaxoflar kibi cəlladların noldu sənin,

Yarü ənsarın hamı qaçdı, şabaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Sən ki, namuslu, qeyrətli, nəcabətli kişi,

Övrətin əmqızı bir möminə, düzgün hər işi,

Bəs bu Tatyana qızın ömrünün əvvəl yemişi,

Niyə Rasputin ilə bağrı padaş oldu yenə,

Açılıb eybi bütün aləmə faş oldu yenə.

 

Ah, ey türreyi-tərrarına min can sədəqə,

Ey gözəl şah qızı, hüsnünə milyan sədəqə,

Öldü Rasputin, olum indi mən hər an sədəqə,

O gözəl türrələrin dolma-dolaş oldu yenə,

Atanın, validənin işləri yaş oldu yenə.

                                                                               1917



[1] Yəni ameden

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info