Qonaq Kitabı
İRANLILAR MARŞI

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz,

Hiç işləməyib, müftə yeyib, düz gəzəriz biz,

Əfkari-siyasətdə nə çox pürhünəriz biz,

Dünya ola bir, həm belə qəflət sevəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

 

Xilqətdə bizə fərq qoyub xaliqi-aləm,

Məhzuz olayım işrəti-eyş içrə dəmadəm,

Gər yüzlər ilə bizlərə zülm olsa fərahəm,

Gəcgərdən olub zillətə yorğan bəsəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

 

Qüssə nə rəva etməyə, mollalarımız var,

Millət qəmini çəkməyə mollalarımız var,

Tehranda böyük məclisi-şuralarımız var,

Millət babası şahilə xuni-ciyəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

 

Tuti ədəbiyyatına bir şairi-millət

Yazmışdı ki, yox bir nəfər İranlıda qeyrət,

Vurmuş, bura bax, gör nə yaman bizlərə töhmət,

Qeyrətdən, a qare, belə tir-tir əsəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

 

Qeyrət dediyin şəhrə yel əsdi, tələf oldu,

Barani-metərtək tökülüb, yerdə kəf oldu,

Oldur səbəbi çoxlar ona bitərəf oldu,

Baxdıqca o mərhumə çox həsrət çəkəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

 

Qeyrət neçə İranlıya çəm-xəmlə göz atdı,

Ənqa quşu tək qayib olub, yox, yerə batdı,

O varlığını əldə dəyər-dəyməzə satdı,

Getdi o məqamə kim, ona bixəbəriz biz,

İranlılarız, taleyi xoş, bəxtəvəriz biz.

                                                                                   1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info