Qonaq Kitabı
SƏLYANDA BIZIM “AMEDEN” KOMISARA

Səlyanda Axundzadə, a kəmisər bacı oğlu,

Kəmsərliyinə yoxdu bərabər, bacı oğlu.

 

Kənd əhli deyirlər səni çox incidib, ey vah,

Viran ola Səlyandakı kəndlər, bacı oğlu.

 

Kəmsər olan əşxasə ticarətmi yaraşmaz?

Kəmsər daha da yaxşısın eylər, bacı oğlu.

 

Kənd əhli keçənlərdə olub xanlara muzdur,

Neyçün olamaz kəmsərə nokər, bacı oğlu.

 

Növrəstə cəvanlarda gərək pul ola, yoxsa

Olmaqmı olar hər gecə qənbər, bacı oğlu.

 

Getdi Bakıdan Zeynalov işlər düzələn tək,

Pozdu palanı, nəqşəni yeksər, bacı oğlu.

 

Dəymib, görünür, burnuna tiryak iyi əsla,

Onlar nə bilir mey nədü, dilbər, bacı oğlu.

 

Hər kəs ki, əlindən buraya yazdı şikayət,

Rəftar et onunla daha bədtər, bacı oğlu.

 

Keyf etməyə pul tap, nə qədər tazə cəvansan,

Səlyanda Axundzadə, a kəmsər bacı oğlu.

                                                                                   1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info