Qonaq Kitabı
FÜZULİYƏ NƏZIRƏ

FÜZULİYƏ NƏZIRƏ[1]

1

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim,

Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim.

 

Ət yemək pəhrizini əmr etmə kim, bazardə

Hər qədr axtarsa ət, tapmaz xiridar, ey həkim.

 

İsti paltar gey, deyirsən, neyləyim, varım-yoxum

Bir cırıq başmaqdır, bir köhnə şalvar, ey həkim.

 

Qəlbini sıxma, deyirsən, ac qalıbdır külfətim,

Olmuşam mən onların fikrilə bimar, ey həkim.

 

Satmısanmı, söylədin, yoxsa evin əşyasını,

Gəl bu pünhan sirri xəlqə etmə izhar, ey həkim.

 

Parə yox, ətfal çox, işdən də qovmuşlar məni,

Xəstə olduqdan bəri qaldım da bikar, ey həkim.

 

Həqqi-zəhmət istəyirsən, baxmayıb əhvalıma,

Əhli-vicdan böylə etməz, eylə iqrar, ey həkim.

 

Ölməz isə binəva, simurq da qalmaz yəqin,

Verməyə yoxdur pulum, olma diləfkar, ey həkim.

                                                                                      1920

 

2

Naxoşam, həm cibimdə qırx rublə pulum var, ey həkim,

Dərdimi təşxis qıl, gəl qavma zinhar, ey həkim.

 

Əhli-fəqrəm, ol səbəb on rublə əksikdir pulum,

Az da olsa, rəhm elə, al, etmə israr, ey həkim.

 

On manatçın eyləmək bimarını evdən kənar,

Söylə cayizmi sənə bir böylə rəftar, ey həkim.

 

Hansı bir millətdə doktor baxmaz öz fəqr əhlinə?

Qeyrə bax, gəl qeyrətə, həm eylə bir ar, ey həkim.

 

Bir qarın ətmək məni salmış əcəl cəngalına,

Fələyəm, həm külfətim çox, həm də bimar, ey həkim.

 

Sən də bir gün həftədə millət yolunda ömrünü,

Nola sərf etsən, deyildir heç də düşvar, ey həkim.

 

Qafi-vəhdətdə deyilsən, sən də lüt ənqa kimi,

Var bir varın ki, qorxma, daima var, ey həkim.

                                                                                        1920

 



[1] Əlyazmada Füzuliyə nəzirədən qabaq gələn “Yaraşıqlı ceyranıma töhfə” şeri məzmununa görə zəmanəmizin ruhuna uyğun gəlmədiyi üçün bu nəşrdən çıxarılmışdır (Redaktor).

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info