Qonaq Kitabı
CAVAN HƏKİMLƏRİMİZƏ

                        Şuralar İttifaqı şəhərlərində 10 min işsiz

     həkim vardır ki, bunlardan biri Bakı şəhəridir.

 

Ey xatiri möhnətli, günü qarə həkimlər,

Bulvarda, bağda gəzən avarə həkimlər.

 

Vardır Bakıda bir neçə batəcrübə doxtur,

Onlarə gələn yardım üçün müştəri çoxdur,

Amma siz üçün bircə nəfər xəstə də yoxdur,

Həml eylə bunu, bəxti-nigunsarə həkimlər,

Ey xatiri möhnətli, günü qarə həkimlər.

 

Kəndlərdə edər xəstə yatan hər gecə fəryad,

Hər gün ana qoynunda ölür bir neçə övlad,

Gənc doxtur əgər istəsə də etməyə imdad,

Lakin necə yapsın bunu biçarə həkimlər,

El dərdü qəmindən ciyəri yarə həkimlər.

 

Getmiş, oxumuş zəhmət ilə elmi-təbabət,

Bir intiligent oldu kişi eyni-ləyaqət.

Kəndlərdə sürünsünmü, yararmı bu qəbahət?

Yox orda nə bulvar, və nə məhparə, həkimlər,

Getmə, qalacaqsan bütün avarə, həkimlər.

 

Kəndli hara, doxtur hara, heç olmuş əzəldən,

Dərman alınar kənd həkimi Kəblə Bədəldən,

Ömrü qutaranda öləcək, qaçmaz əcəldən,

Allah aparırsa, ona nə çarə, həkimlər,

Lənət ola bu gərdişi-qəddarə, həkimlər.

 

Qalsın qulağında, a cəvan, türfə nəsihət,

Jurnal sözü boş lağlağıdır, eyləmə diqqət,

Sən intiligentsən, qulaq asma, yaşa, kef et,

Min heyf ki, keyf etməyə yox parə, həkimlər,

Pulsuzluq işi saldı yaman darə, həkimlər.

Ey xatiri-möhnətli, günü qarə həkimlər.

                                                                           1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info