Qonaq Kitabı
FİRQƏLƏRƏ

1

Yenə də idareyi-məmləkəti, belə getsə ki, məddi-nəzərdədir,

Düzələr, demə, işimiz bizim, görünür ki, eyni-xətərdədir.

 

Yenə Zəngəzur ara ərməni kəsiyor da ümum cəmaəti,

Yenə düşmənin topu ev yıxır, yenə güllələr bu ciyərdədir.

 

Hələ də ayılmadı firqələr, bir olub da dəf' edə düşməni,

Biri portfel arayır fəqət, biri fikri-sim ilə zərdədir.

 

Biri bolşevik, biri menşevik, biri eser, ol biri bitərəf,

Nə bilim nələr, nə bilim nələr, nə bilim ki, iş bu nələrdədir.

 

Nə düzəldi fələlərin işi, çoxu lüt gəzir bu soyuq qışı,

Belə iş olarmı məgər, kişi, baxınız bular nə xəbərdədir.

 

Nə var ehtikarə mübarizə, nə alındı qabağı bahalığın,

Necə fırtına, necə pis həva, su çıxıbdır, indi kəmərdədir.

                                                                                          1920

 

2

Nə qədər ki, firqələrin işi böylədir ki, bəd nəzərdədir,

Vətəni xilas məhaldır, vətən artıq indi xətərdədir.

 

Biri gündə bir neçə rəng alır göz önündə buqələmun kimi,

Dolanır gəda kimi hər zəman, bir gəh bu dər, biri gəh o dərdədir

 

Biri nerdən isə vəkil olub, bizi qeyrə satmağa qul kimi

Gecə-gündüz işləyir, hər zəman gözü leyk sim ilə zərdədir.

 

Biri bitərəf qoyub adını, özü milyonerlərə yar olub,

Nə məramı var, nə məqsədi, həmi zir, həm də zəbərdədir.

 

Yanır iştə bir neçə şəxslər, niyə tabei onların azalıb,

Bu səbəblə, heyf, iş aşmayır, hamı karübari-zərərdədir.

 

Biri keçmiş işləri birbəbir unudub da, böyləcə əyləşib,

Nə bu hal-hazıra baxmayır, nə bilim ki, fikri nələrdədir.

 

Çəkil aşiyani-vəhdətə, nə hökumətə, nə fəqirə bax,

Nə acından, iştə ölənlərə, nə əşki-dideyi-tərdədir.

 

Nə danış üqab, nə bax, nə bax bunu bil ki, qəzaləri acların,

Nə olursa olsun, həman-həman yenə xun, yenə xuni-ciyərdədir.

                                                                                              1920



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info