Qonaq Kitabı
VAHİD RUSİYAYA İTHAF

Öylə viranədi Rusiyyə ki, abad olmaz,

Onu abad edən aləmdə bir ustad olmaz.

 

Bu qədər xır-xır edirsən, a kişi, cəhrəmisən?

Eybdir, yırğalama korpusunu, nehrəmisən?

Yoxsa saldın özünü tazəcə bir təhrəmi sən?

Qarnını yırğalamaqla vətən abad olmaz,

Öylə viranədir əsla daha abad olmaz.

 

Bihəyasan, bilirəm, heyvərəsən, sırtıqsan,

Dadü fəryadçısan, bircə nəsən, yırtıqsan.

Köhnə rus advokatı, türk sözü, lap azitıqsan,

Vəli bu qalmaqalında ona imdad olmaz,

Öylə viranədi Rusiyyə ki, abad olmaz.

 

Çox igitsən, atını bir kərə Finlandiya çap,

Krıma eylə güzər, Litva ilə Polşanı tap,

Acığın şədd eləsə, get, bala, Ukraynanı yap,

Ad qoyarsan bu cahanda belə bir ad olmaz,

Leyk Rusiyyə daha bir kərə abad olmaz.

 

Sal əlindən qələmi, çək qəməni, eylə qiyam,

Get Sibir torpağına, qur orada nəzmü nizam,

Sonra gəl Don çayına, eylə Dağıstanə xuram,

Xəlq görsün də, desin, heç belə ustad olmaz.

Leyk Rusiyyə daha bir kərə abad olmaz.

 

Niyə dağlar gözünü tək bizim Azərbaycan?

Vahidin[1] aləmə salmış yenə fəryadü fəğan,

Rusların da daha lap zəhlələri getmiş, inan,

Dərdinə çarə qılan bir quru fəryad olmaz,

Quru fəryadilə Rusiyyə də abad olmaz.

                                                                          1918



[1] Vahid Rusiya deməkdir

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info