Qonaq Kitabı
İRANDA MƏCLİS SEÇKİSİ

Söz İranda gərək məclisi-əyan seçilə,

Müctəhidlər seçilə, bəy seçilə, xan seçilə.

Çünki İran işinin xeyrini İranlı bilir,

Nə qanar mərdümi-dananın işin mən kimilər.

Mülkədar olmasa, İranda həyat olmayacaq,

Kəndlinin qarnın doyursa, bərəkat olmayacaq.

Buna söz yox ki, behişt əhlinə bəstər yaramaz,

Kişiyə dun yaramaz, arvada məcər yaramaz.

Əhli-cənnətdir İran kəndlisi ac, suz dolanar,

Əgər əyanə verər buğdanı, unsuz dolanar.

Çarvadarlıq peşəsi əsli müsəlman işidir,

Varsa hər yerdə dəmir yolları, şeytan işidir.

 

Nəyə lazım seçilib xəlq onu təmir eləsin,

Müctəhid qoy seçilib həpsini təkfir eləsin.

Vergi zalım işidir, həm də şəriətcə həram,

Əhli-din, əhli-şəriət verə bilməz, a balam.

Məclisə seçməli tacirləri, divan eləsin,

Müctəhidlərlə bərabər işi asan eləsin.

Xəlq əgər istər isə seçməyə əyanlarını,

Taciri, müctəhidi, bəylərini, xanlarını,

Hər yerin hakimi var, məclisi var, gündəsi var.

Kimi istərsə onu seçdirər hakim ağalar.

Söz İranda gərək məclisi-əyan seçilə,

Müctəhidlər seçilə, bəy seçilə, xan seçilə.

                                                                           1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info