Qonaq Kitabı
“ŞAHNAMƏ”DƏN

Teleğraf oldu bütün Avropaya, ölkəyə car

Ki, bu günlərdə olur şah Rza tacgüzar.

 

Sevinir, həpsi sevir taci, yəqindir, sevəcək,

Çünki sevdirmiş əzəldən onu nəsli-Qacar.

 

Bəzmlər çidələnib, şəmi-şəbistan yaxılıb,

Nəhr tək cari olub abi-limu, abi-ənar.

Hamı çaylar sevinir, cümlə ağaclar sevinir,

Bir tərəf tac günü, o biri tərəf fəsli-bahar.

 

Sanma yalnız sevinən molladı, dərviş, əyan,

Siğədən vaz keçəcəklər hamı zahid ağalar.

 

Az zamandan sora tiryəkxanalar bağlanacaq,

Taci-Qacar olacaq çünki səri-şahə süvar.

 

Doğrudur şeirlərim, sanma zərafət edirəm,

Vazeh olmaz, a gözüm, hər kəs üçün bu əsrar.

 

Anlamaz kimsə onu, çünki o İran işidir,

Satmayan dinini dünyayə müsəlman işidir.

 

Toxunub bir-birinə indi sərasər İran,

Şahlıq tacı qoyur başına çünki Rza xan.

 

Sevinir cümlə xəvanin, sevinir müctəhidin,

Sevinir sahibi-sərvət, sevinir "anqliçan".

 

Darayır tellərini indi bütün mütrübələr,

Rəngləyir saqqalını cümlə seyid, mərsiyəxan.

 

Yenə “Rüstəm baz” alıb ləngəri ip üstə çıxar,

Əllərinə götürüb “Ruhi-nəfiri” dərvişan.

 

Beçə dərviş vurur at yağı birçəklərinə,

Qaş yaxır, sürmə çəkir gözlərinə qönçədəhan.

 

Lotular saz eləyib dünbəyini, meymununu,

“Margir” əldə edib bəzm üçün on səkkiz ilan.

 

Qoca tiryəkçi silib parlaq edir hoqqaları,

Çünki bayram günü tiryək çəkəcəkdir əyan.

 

Bəs ki, bunlar hamı İranda nümayiş yapacaq,

Padşahdan hamı bəxşiş alacaq pirü cavan.

 

“Şirü xurşid” medalı qayrılıb anbar-anbar,

Tirmə, firuzə, flan qayrılıb ovdan-ovdan.

 

Bəs o yaz, qış çürüdən cismini palçıqlarda,

Ac qalan, əyni yalın, surti məhzun dehqan.

 

Bəs o qürbətdə fəlakətdə qalan hamballar,

O əzilmiş qocalar, yaymaya həsrət tiflan.

 

Bəs o illər uzunu görməyən asudəliyi,

Beş balıq tutmaq üçün çayda-çamurda çalışan.

 

Anlamaz kimsə onu, çünki o İran işidir,

Satmayan dinini dünyayə müsəlman işidir.

                                                                                1926

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info