Qonaq Kitabı
HƏPSİ RƏNGDİR

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir,

Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,

Mey riya, məşuqə qəş, hüsnü vəcahət rəngdir,

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

 

Görmədim bir zəri-xalis buteyi-nasutdə,

Mənəvi min ləkkə gördüm ləldə, yaqutdə,

Biqərəz insan olur görmək fəqət tabutdə,

Bilməzəm, varmı sədaqət aləmi-lahutdə,

Azma fikrim, cümlə ecazü kəramət rəngdir.

 

Hər kəsin Cəbrili kəndi qəlbidir, vicdanıdır,

Var isə insafı şəxsin, dinidir, imanıdır,

Bədnəhad insanların öz nəfsi öz şeytanıdır,

Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,

Mabəqi övhamdir şərü təriqət rəngdir.

 

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,

Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,

Dedim, əyyaş olmalı, ta gün keçə mötad ilə,

Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,

Anladım kim, zöhdü təqva, eyşü işrət rəngdir.

 

Qıl təsəvvür bir daha şairlərin xülyasını,

Aşiqi-zarın başında seyr qıl sevdasını,

Qəbri aç, göstər ona Şirinini, Leylasını,

Bir ayılsın da, düşünsün gördüyü röyasını,

“Bax”, – deyər – “həqqa, bütün eyşü məhəbbət rəngdir”.

 

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,

Görmədim heç kəsdə bir niyyət qərəzdən maəda,

Külli-əbnayi-bəşər öz nəfsinə olmuş fəda,

Nəfsi uğrunda görərsə hər bəla, hər macəra,

Məsləkə isnad edər, məslək, dəyanət rəngdir.

 

Bilmədim neyçünmüş aləm bunca da yəsü ələm,

Zövrəqi-ömrün mühiti vərtəban dəryayi-qəm,

Böylə halda kimsədən bihudədir ummaq kərəm,

Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,

Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.

 

Imdi ki, mümkün deyil aləmdə olmaq kamyab,

Ey gözün qurbanı, saqi, ver yenə sağər şərab,

Ver yenə sağər şərab, ey saqiyi-alicənab,

Bəlkə, badənlə edə Mənsuri rahət iktisab,

Yoxsa, bu aləmdə yoxdur istirahət, rəngdir.

                                                                        1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info