Qonaq Kitabı
KAMİL NEMANZADƏYƏ

KAMİL NEMANZADƏYƏ[1]

Kamil can! Bu gün ayın 24. 20-sindən bəri gah yağış, gah qar yağırdı. Bu gecə yağan qar isə yalnız dağları, meşələri deyil, düzləri də ağartdı. Bu gün tezdən durdum. Lakin öylə ayaz, öylə soyuq ki, dışarı çıxamadım. Böylə bir ayaz günlərdə günəşin parlaq və hərarətli üzünə tamaşa etmək nə qədər xoş, nə dərəcə fərəhli imiş! Balkonda oturub hər yana həyat saçan günəşin naz və əda çıxmasını uzun zaman seyr etdim. Məgər o qədər dalmışam ki, üşümüşəm, tez qaçıb şiddətli yanan peçin köməyinə sığındım, isindim. Peçin üstündə əkməkləri isidib pendir və yağla yedim. Bir az sonra itlərin səsinə balkona çıxdım. Gördüm ki, Qumaş, Quda, Qaraquş (it adlarıdır-red.) bağçaya gələn yırqatları sarmışlar. Onları dəf edib yırqatlara işlərini göstərdim. Mən də gah nəzarət edir, gah da üşüdükcə evə qaçırdım. Günorta vaxtı yenə isinməyə evə gəlmişdim ki, sənin 18-də yazdığın speşnoy kağız ilə Kamilənin[2] və sənin daha əvvəl yazdığın açıq məktubları verdilər. Açıb oxudum. Ürəyimdə dedim: bunlar nə zəif, nə aciz məxluqlar imiş Nə var, nə olmuş! Nə üçün özlərini belə itirmişlər. Məktubu stolun üstünə buraxıb yenə bağçaya, yırqatların yanına getdim. Mən də bağçada yırqatlarla bərabər qaldım. Axşam olub yüngül yeməyimi yeyəndən sonra bu kağızı yazmağa başladım. Bu saat səkkiz-doqquz olar. Dışarısı son dərəcə ayaz və soyuq. Yazı məni yorduqca arabir başımı qaldırıb pəncərədən ayın nurani gedişinə tamaşa edirdim. Soyuğa dayana bilmədim. Bu gözəl türlü, qarlı gecədə gəzməyə çıxardım. Gündüz acıqlı bir surətdə stolun üstünə buraxdığm məktubu bir daha oxudum. Daha ziyada acıqlandım. Niyə siz böylə bacarıqsız, təbii bir fəlakətin qarşısında kəndinizi itirirsiniz. Bizim üçün acılı-dərdli, təbiət üçün gündəlik, bəlkə dəqiqəlik adi bir hadisədən sayılan ölümün həpimiz üçün er-gec gələcəyini və bunun üçün həyatı zəhərləmənin lüzumu olmadığını nə üçün anlamırsınız. Bu zamanda 65-70 yaşa dolmuş yetişmiş ölüm deyilən kimyəvi dəyişikliklərə hazırlaşmış deməkdir. Bu təbii dəyişikliklərə qarşı uzun uzadı maraq etmənin mənası varmı? İnan Kamilcan, mən ölümdən heç qorxmuram. Çünki bu gün-sabah olmasa, bir kaç ilə bəlkə daha tez onu gözləyirəm. Mən açığını söyləyirəm, ölümdən artıq sizdən, sizin zəif sinirlərinizdən qorxuram. Əmin olun ki, mən xəstə olsam, heç gizlətmərəm, çünki xəstəlik ölmək demək deyildir. Bir də bilirsən, mən özümə diqqət edirəm. Toxunur deyə heç çay da içmirəm, ət az yeyirəm. İşləməm lazım olanda işə nəzarət edirəm. Bu son günlərdə ciyərlərim də, ürəyim də yaxşı deyildir. İndi özümdə əziyyət verəcək heç bir xəstəlik nişanəsi hiss etmirəm. Ümumi köhnə xəstəliyimə görə deyə bilərəm ki, bu saat çox-çox yaxşıyam. Abidə də yaxşıdır. Ancaq ona söz qandırmıram. Hey çalışır. Barı vaxtında yeyib-içsə, yenə özünü saxlar. Bu da yox. Ona görə o, məndən fənadır, zəifdir.

Əlbət, tez gəlməyi biz də istəyirik. Lakin basdırma sucuq bizim sözümüzə baxıb tez qurumur. Onları yaş gətirmək də olmaz, xarab olar. Beş-on gün daha səbr edin. Dekabrın 1-də, ya 2-də yola çıxırıq. Mən Kamiləyə yazmışam ki, dərzi Paşanı bizdə saxlasın. Görünür, qalmaq istəmir. Bilsəydim, sentyabrda ora gəlib sizə münasib bir qulluqçu qadın tutardım. Nə isə, keçib, hər hal bir az səbr edin. Ümidvaram ki, sən özünü ciddi, iradəli, soyuqqanlı tutmaqla, bacılarına nümunə və örnək olasan, onların maraqlanmalarına, adi həyatlarının pozulmalarına, dərslərini zəiflətmələrinə, həvəsdən düşmələrinə meydan verməyəsən. Maraqlanıb bir gün də olsun, dərs buraxmaq (nərdə qaldı ki, bura gəlmək) tənbəlliyində, sinir zəifliyində bulunmayasan.

Görürsən, məni xəstə sanırsan, mən isə bir oturuşda bu qədər yazdım. Yazıq anan isə halsızlıqdan düşüb yuxulayır. Son sözüm, mənim xətrimi istəyirsənsə, mənim rahatlığımı arzu edirsənsə, sən də, bacıların da boş marağı buraxınız, ciddi olunuz, bir gün də olsun dərsdən geri qalmayınız. Görüm sizi, kamallım.

P.S. Münirə xanımın dəftərçələri itməsin, saxlayın, mümkünsə, göndərin.

 

Ömər Faiq.

Aqara, 24 noyabr 1933.



[1] Kamil Nemanzadə (1909-1957) - Ömər Faiqin oğludur. Atası ilə birlikdə 1937-ci ildə həbs edilmiş və 20 il Sibirdə sürgündə qalmışdır. İxtisasca həkim idi. Bakıda vəfat etmiş və orada da dəfn olunmuşdur.

[2] Kamilə xanım (1914) - Ömər Faiqin böyük qızıdır. Həkim işləmişdir. Hazırda pensiyaçıdır. Bakıda yaşayır. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info