Qonaq Kitabı
Kamil, Kamilə, Adilə və Bəxtli

Kamil, Kamilə, Adilə və Bəxtli!

Əminin vəfat xəbərini bir bolojorlu qız gətirdi. Çox mütəəssir olduq. Lakin çarə nə? Ölən, qırılan şeyə qarşı uzun-uzadıya ağlamaq, mütəəssir olmaq, dərd eləmək də bir şey deyil. Çarəsiz bir hala qarşı sızlayıb dərdə düşmək, uzun-uzadı ağlayıb xəstələnmək ölən üçün bir hörmət, bir sevgi nişanı deyil. Siz də bilirsiniz ki, mən əmini ürəkdən sevər, istərdim. Heç ona baxmayaraq, doktor Asatyanı o deməmiş götürüb baxdırdım. Sağlığı vaxtında əlimdən gələn hörmət və yardımı əsirgəməmişəm. Bir həftə əvvəl də mənə uzun bir məktub yazıb sizdən razılıq eləmişdi. Mən də hazırlaşırdım ki, cavabını yazam. 30-da gələcəyini yazdığı üçün daha yazmadım. Gözlüyürdüm ki, gələndə görüşərik. Onu təbiət əlimizdən aldı. İndi vəzifəmiz səbr eyləyib, onun istədilklərinə yardım eləmək, onu yaxşılıqla yad eləməkdir. Onsuz halınız, vaxtınız yoxdur.

Əlbəttə, boş-boşuna ağlamağı, maraq etməyi buraxıb yeyib-içməyə, xəstələnməməyə baxınız. Hissiyata, uşaq təbiətinə qapılmayıb ciddi olun, həyat və təbiətlə mübarizəni öyrəniniz.

Qəza, təsadüf və ölüm kimi təbii hallar qarşısında zəiflik, acizlik, iradəsizlik göstərməyiniz. Təbiətin cilvə və hadisələrinə qarşı ciddi bir doktor xasiyyəti alınız.

Çarəsi tapılmayan təbiət fəlakətlərinə qarşı sinirlərinizi möhkəm tutunuz. Bir sinirli xəstə kimi yox, sinirliləri müalicə edən bir doktor kimi özünüzü saxlayınız. Gənclik hissiyatını, təbiətə qarşı məğlub olmaq acizliyini daha buraxınız. Hər halda, dirilik və ölmək təbii hadisələrdən, adi hallardan olduğunu düşünüb həyatınızı mühafizə ediniz. Ciddi və səbirli olunuz.

 

Ömər Faiq.

5 noyabr 1933.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info