Qonaq Kitabı
MƏMMƏDƏLİ SİDQİYƏ

MƏMMƏDƏLİ SİDQİYƏ[1]

 

Əzizim Məmmədəli,

Görünür, obrazovannı ujinlərə məşğulsan ki, heç bir şey yazmırsan və qəzet göndərmirsən. Sabir[2] tərəfindən bir xəbər yox: idarədədir, yoxsa xəstəxanada? Həmidə xanım[3] oradamıdır? Havaxt gedəcək?

Yazırsan ki, "bərk məşğulam". Lakin izah etmirsən ki, nəyə məşğulsan, yoxsa məndən sonra dünya dəyişdimi?

Bizim əleyhimizə yazılan qəzetlərdən bir xəbər yox.

Şəkil-məkil istəyirsən. Zavodun çarxının şəklini çəkib göndərəcəkdim, onu da bacarmadım. Məmmədəli, inanırsan, Tiflisdən gələndən bəri evdə durmamışam. Dışarıda eylə lazımlı işim də olmaya-olmaya gəzirdim. Guya özümə söz vermişəm ki (çox da inanmıram ha), gündə bir kaç saat oturub heç olmasa, mütaliə edim. Bəlkə bu surətlə evdə oturmağa alışam. Bu saat fikirləşirəm ki, bir şəkil düzəldim, göndərim. İnan ki, heç bir şey yadıma gəlmir. Çünki fikir və xəyalım dışarı çıxmaq və dışarının həyatbəxş günündə gəzmək və təbiətlə söhbət etməkdir. Ümidvaram ki, ifrata varam və arzumu yavaş-yavaş qısam və bir az fikrən məşğul olam.

Məmmədəli, iki manat ver, fotoqrafiyaçıdan fotoqrafiyalarını al. Birini Rotterə[4] ver, birini açıq banderol surətində, lakin zakaznoy İstanbula Hüseyn Tosun bəyə göndər (adresini dəftərdən taparsan). Qalanlarını açıq banderol surətində prostoy olaraq Azqura, mənə göndər.

Aşağıdakı adresə 3-cü nömrədən etibarən (1, 2-ci nömrələrdən bəlkə az qalıb) bir illik jurnal göndər. Dəftərə üç manat qeyd et. Fəqir olduğu üçün 3 manat aldım: Axalsixdə Hacıbaba Sarafyansa, ondan Molla Əli Mahmud oğluna...

7-ci nömrədən ki, Molla Behcətin şəkli vardır, 10 ədəd mənə göndər.

Hanı yumurta,[5] gəlmədi.

Rusca kağızı Axalsixə əlbəttə, göndərdin.

Əhməd Kamal şəkil göndərsə, çəkdir. Həmidə xanım orada isə salam!

Mina xanıma[6] obrazovannı salam söylə. Diqqət et ha!

Kağızını və qəzetləri gözləyirəm.

 

Ömər Faiq.

Azqur, 17 mart 1911.

Azərbaycan EA Əlyazmalar İnstitutu, f.6, saxlama vahidi 490.



[1] (1888-1956) - əsrin mütərəqqi ziyalılarından biri. 1910-1911-ci illərdə "Molla Nəsrəddin" jurnalının müvəqqəti redaktoru olmuşdur. Sonralar Bakıda müəllimlik və jurnalistlik etmişdir.

[2] O zaman xəstə yatan və mollanəsrəddinçilərin köməyi və yardımı ilə Tiflisdə müalicə olunan məşhur şairimiz Mirzə Ələkbər Sabir (1862-1911) nəzərdə tutulur.

[3] (1873-1955) - Əhmədbəy Cavanşirin qızı, Azərbaycanın ilk ziyalı qadınlarından biri, Cəlil Məmmədquluzadənin ömür yoldaşı.

[4] Rotter İosif - alman rəssamı. Əsrin əvvəllərində Qafqazda yaşamış, "Molla Nəsrəddin" jurnalında fəal əməkdaşlıq etmiş, onun ən istedadlı rəssamlarından biri olmuşdur.

[5] "Yumurta" sözü Ömər Faiqin Məmmədəli Sidqiyə göndərdiyi məktublarında tez-tez təkrar olunur.  Görünür, bu söz rəmzi məna daşıyır, onların arasında nəyəsə işarədir.

[6] Həmidə xanım Məmmədquluzadənin podpolkovnik İbrahim bəy Davatdarovdan olan qızı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info