Qonaq Kitabı
QURBANƏLİ ŞƏRİFOVA

QURBANƏLİ ŞƏRİFOVA[1]

            Bəradəri-həqiqəti-agahım Məşədi Qurbanəli ağa! Hərçəndi məşğuliyyəti-daimə, fəzaili-bəşəriyyə qoymurdu ki, Sizinlə, Siz bəradəri-millətpərvərlə müxavirədə bulunaydıq. Lakin fəzaili-insaniyyənizlə, ruhi-pürməhalınızla hər vaxt müxabirədə olmuşuq kimi heç bir an qəlbi-safından çıxmayıbsınız. Bunun üçündür ki, bu ayın iyirmisində burada duyduğumuz qayət ömrü fərsa xəbər başımıza cəhalətü haləkət ildırımı kimi vurub. İnanırsınız, o gecə səhərə qədər yuxulamamışam desəm, artıq olmaz. Şükür, çox şükür insaniyyətin varlığına ki, bu qəm ümidi-şükrə, bu dərdi-qeyri-məmul ertəsi gün mübəddəli-sürur oldu. Həm də elə bir sürur ki, bu halımda, mətbəənin bu tərtibi-ibtidasında onu tosif etmək məncə qeyri-qabil. Çox şükür, həqiqəti-mütləqə Sizi yenə bizə, biz möhtaci-müaviniyyəti-millətə bağışladı. Şəksiz ki, Allah deyilən həqiqət bəxtinin əhli-insaf və insaf dostunun yoldaşıdır. Köhnə şairlərimizin fələk dedikləri ruzigar, həqiqəti-mütləqə o qədər biinsaf deyildir ki, Sizin kimi fədakari-millət, aşiqi-insaniyyət və həqiqəti, xaini-millət, düşməni-insaniyyətə zəbun və sərfüru etdirsin.

Bu gün səlamət xəbərinizdən sonra guya tazədən dünyaya gəlmişəm. Guya ayaq altlarında dərgeyi-məzəllət və sirqətdə qalan bu cahil millətimiz birdən-birə mərtəbeyi-fəzailəti-insaniyyəyə qalxmış kimi sevindim. Dünən məşum bir xəbərlə zatən pərişan olan halımız, damağımız, təəssüf və iztirabın ən son dərkəsinə endilrilmiş ikən bu gün qurbani-fəzilət Qurbanəlimizin səhhət xəbəri bir aləmi-digərə, bir ərşi-müəllaya qaldırdı. Təsadüfə baxınız, əvvəlimci məşum xəbərdə Əziz[2] bizdə idi. Oğlum Fuadla[3] oynayırdı. Hamımız bir arada xoşbəxt kimi idik, sürur idik. Guya fələk o bir dəqiqəlik məruriyyəti bizə çox görmüş kimi bir anda bizi öldürdü. Ta qəlbimizdən vurdu. Əziz nəzərimdə özgə bir şey oldu. Bağrıma basmaq, təsəlli vermək istədim. Birdən özümə gəldim. Evdən çıxıb o günü axşama kimi evə getmədim. Gecə də elə keçdi. Səhərdən aldığım xəbəri-məkus, müjdeyi-fərəhavər məni o dərəcə şad etdi ki, bu kağızda bir mətləbi bir-iki dəfə yazmaq qədərini səhv və nöqsana düşürdü. Eviniz və ailəniz cümləsinə göz aydınlığı və bəşarət verib, təbrik eləyirəm. Hələ Əzizin o balaca bacısının gözlərindən mənim tərəfimdən öpərsiniz ki, onun portretini Əziz bizə - xalasına gətirmişdi. Öz dəsti-xəttinizlə səlamət xəbərinizi və bu haldakı əhvali-ümumiyyənizi yazmanızı təvəqqe edirəm.

 

 

Qardaşınız Ömər Faiq Nemanzadə.

22 aprel 1905-ci il.

Azərbaycan MDƏİA, fond 255, siyahı 4. iş â„– 1858.



[1] 1854-1917 - Azərbaycanın maarif xadimlərindən biri, Cəlilin və Ömər Faiqin yaxın dostu, Əli Şərifin atası.

[2] Sonralar məşhur alim-tədqiqatçı, Moskva universitetinin professoru olmuş Əziz Şərif (1895-1988).

[3] Ömər Faiqin oğlu, uşaq yaşlarında ölmüşdür.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info