Qonaq Kitabı
ŞEYX MƏHƏMMƏD XİYABANİ ABİDƏSİNİN AÇILIŞI MÜNASİBƏTİLƏ NİTQ

Şeyx Məhəmməd Xiyabani kimi şəxsiyyətlər meydana çıxmaqla xalqın fikrinin və milliyyətinin meydana çıxmasını təmin edir. Azərbaycan əgər iftixar edirsə azərbaycanlılar özləri o iftixarını təmin edirlər. Sərdari-milli Səttarxan və Bağırxanın, habelə Şeyx Məhəmməd Xiyabaninin Məşrutə barəsində götürdükləri qədəmlər heç bir vaxt yaddan çıxa bilməz. Hər vaxt Azərbaycanın və Təbrizin adı zikr olunur, onların iftixarlı adı da araya kəlir. Xalq Azərbaycan adına, onlara da ehtiramla baxır. Biz gərək onların asarın əbədiləşdirək. Xüsusən Şeyx Məhəmməd Xiyabaninin asarı çox qiymətlidir. Sərdari-milli Səttarxan əgər silah gücü ilə Azərbaycanın adını ucaldıb, Şeyxin alimanə nitqlərinin bu xüsusda daha artıq təsiri olub. Şeyx böyük mütəfəkkir idi. Onun nitqlərini oxuyanda insan təzə şeylər öyrənir. Onun sözləri dərin və mənalıdır. Onun nitqlərinin içərisində artıq sözlər çox azdır. Lakin bir çox əməli pişnahadlar vardır. Çox təəssüflə qeyd etmək lazımdır ki, Şeyxin mühiti müsaid deyildi. Azadixahlar o zaman hələ imtahan olunmamışdılar. Şeyx özü iman və əqidə üzərində fəaliyyət göstərdiyi halda, onun yoldaşları içərisində bəzən elə adamlar da tapılırdı ki, onunla işlədiyi halda, ona arxadan zərbə vururdular. Mən fikir edirəm Şeyxin qiyamı hər cür qurtardısa, İranda böyük bir əhəmiyyətə malikdir. Bizim nehzətimiz onun tamamlayıcısıdır. Şeyx bizim istədiklərimizi açıq surətdə meydana ata bilməmişdi. Çünki mühit ona icazə vermirdi. “Təcəddüd” rüznaməsinə baxanda bunlar açıq görünür. Şeyx öz nitqlərində Azərbaycanın adını həmişə təkrar etmişdir.

Azərbaycan milləti özü məxsus bir millətdir. Hətta Məşrutənin əvvəlində Müzəffərəddin şah azərbaycanlılara xitabən göndərdiyi teleqrafda Azərbaycan Milli Əncüməni deyə yazmışdır: Kəsrəvidə Azərbaycan nehzəti barəsində müəyyən mənfi fikirlər varsa da, onun yazdığı tarix yaxşı nişan verir ki, Azərbaycan xalqı həqiqətən öz xüsusiyyətini həmişə saxlayıb, həqiqətdə də özü bir millətdir. Şeyxin yaşadığı mühit icazə verməyib ki, çox açıq surətdə bunları desin. Şeyxin dedikləri bizim istədiklərimizin müqəddiməsidir. İndi biz üç böyuk simanın yadigarlarını əbədiləşdirmişik. Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş. O, duşmən qabağında təslim olmamışdır. Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Sərdar rəşid imiş. Şeyx o xasiyyətlərə malik olduğu halda bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəngi adam deyildir. Amma tüfəng atanları o təşci edirdi. Şeyx qiyamdan qabaq da məşhur idi. Şeyxin nitqləri böyük şöhrətə malik imiş. Xüsusən Məşrutə dövründə Məclisdə irticai cərəyanlar meydana çıxan zaman Şeyx şədid surətdə onun əleyhinə nitq edirdi. Şeyxin nitqi çox qəvi, olduqca məntiqi idi. Demək olar ki, quru bir səhrada bir gülə təsadüf edirsən. Şeyx də o cür güllərdən idi. Bu nehzət Şeyx və onun ətrafında olan əşxasa münhəsir idi. Şeyx o zaman ətrafındakılara etimad edə bilmirdi. Çünki, xainlər var idi və meydana çıxırdı. Xüsusən Rza xan iş başına gəldikdən sonra bu məsələ daha artıq məlum oldu.

Dediyim kimi, Şeyx quru çöldə bitən bir gülə bənzəyirdi. Şeyxin nitqlərinin tamam məfhumunu o mühitdə başa düşən çox az idi. Şeyx özü də bunu hiss edirdi. O, öz nitqlərində həmişə birlikdən, inzibatdan, səmimiyyətdən danışırdı. Ondan ötrü ki, onun arxasında duran adamların bir çoxusu inanmalı adamlar deyildilər. Şeyxin zamanının nəqslərindən biri də təşkilatsızlıq idi. Düzdür, o vaxt firqə var imiş, lakin firqə bu mənada ki, biz deyirik, o zamanda yox idi. Hökumət başında isə mürtəcelər dururdular. Bundan əvvəl o nehzətin nəqslərinin biri də hərəkatın fəqət Şeyxin adına deyilməsidir. Şeyx o zaman tək imiş, hər işə özü baxırmış, gələn teleqraflara və namələrə də özü cavab verməyə məcbur idi. Bunun nəticəsində o nehzət tez aradan getdi. Amma, əgər qüdrətli bir təşkilat olsaydı, nehzət o tezlikdə aradan getməzdi.

Bir də bunu demək lazımdır ki, Şeyx mürtəcelərə bir az inanırdı. Deyirdi: ola bilər ki, məsələn, hamı, Müxbir-üs-səltənə də demokratdır. Şeyx əgər bunu yaxşı tanısaydı, ola bilərdi ki, bu asanlıqla ölümə getməsin.

Bir də birinci dünya müharibəsindən sonra Vüsuq-üd-dövlənin xəyanəti xalqın etimadını təşkilatlardan cəlb etdi.

O zamankı Demokrat firqəsi iki hissəyə bölunmüşdü. Vüsuq-üd-dövlə bir iddə azadixahları və bir iddə də Seyid Ziya və Məlik-ül-şüəra Bahar kimi adamları aldatmışdı. Onun nəticəsində bunların əxlaqi fasid olmuşdu. Bəzi işlər də bunların fasid əxlaqının nəticəsi idi. Rza xanın iş üstə gəlməsinə də səbəb bu olmuşdur. Dediyimiz kimi, xalqın arasında təfriqə salmaqla onların etimadını təşkilatlardan səlb etmişdilər.

Bizim nehzətimiz ona görə müvəffəqiyyətlə başa çatdı ki, möhkəm təşkilatımız və onun disiplini var. Biz edə bilmişik möhkəm inzibat və xalqa etdiyimiz xidmət sayəsində xalqın etimadın firqəmizə nisbət artıraq. Biz birinci konqresdə qərara gəldik ki, hər kəs firqəyə xəyanət edərsə edam olunacaqdır. Onun təsiri böyük oldu. Düzdür, bu cür xırda işlər olur. Lakin o, aşkara çıxır. Xalq onunla müxalifət edir və onu ortadan aparır.

Bizim nehzətimizin qabağa getməsinin bir illəti də budur ki, xalqın əfkarını özümüzə ayna qərar vermişik. Xalqın istəyi üzrə rəftar edirik. Şeyxin zamanında altı ay müddətində islahat sahəsində bir qədəm də götürülməmişdir. Azərbaycanın bugünkü demokratik nehzəti keçmişin əksinə olaraq hər dəqiqə əməl tələb edir.

İndi şəhərlərimizin abadlığı sahəsində ciddi iqdamlar olur. Təzə xiyabanlar salınır, yeni binalar tikilir, şəhərlərimizin xiyabanları asfalt olur. Bunun isə abadlıq sahəsində böyük əhəmiyyəti vardır. Beləliklə, şəhərin təmizlik və nəzafəti təmin olunur. Saniyən təbliğati cəhətcə də böyük əhəmiyyəti var. İndi xaricdən gələn siyasi adamlar görür ki, biz doğrudan-doğruya iş görürük. Onlar görür biz təzə işlər əncam veririk.

Biz qəhrəmanlarımızın mucəssəməsini qoyuruq, əsərlərini dirildirik. Bununla nişan vermək istəyirik ki, xalq onun yolunda fədakarlıq edənlərin qiymətini bilir. Səttarxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabaninin mücəssəməsini qoymaq xalqı təşviq edir və onlarda azadlıq və vətənpərvərlik hissi vücuda gətirir. Məşrutə nehzətindən bu tərəfə Dəvəçi məhəlləsinə mürtəce məhəllə deyirlər. Amma bu, düzgün deyildir. Oraya təvəccöh olmamışdır. Bir yer öz-özünə mürtəce ola bilməz, o da Dəvəçi kimi bir kasıb məhəllə. Biz indi Dəvəçidə məktəb tikdiririk. İndi bizim tikdirməkdə olduğumuz yeni məktəbə gündə səhərdən axşama qədər 500 adam tamaşaya durur, artıq əlaqə insan verir. Çünki, yaxın gələcəkdə orada onların övladı oxuyacaq. Xalq bunu görür, firqəmizə inanır və bizim dalımızca gəlir. Bizim kəndlərdə olan islahat da Şeyxin zamanında olmayıbdır.

Bir də Şeyx nitq edən zaman xalq onun başına yığışıb ehsasat nişan vermişlər və Şeyx də ona inanırmış. Amma, o ehsasat ani olaraq evlərinə getdikdən sonra xamuş olub aradan gedirmiş.

Gərək xalqda azadlıq ruhiyyəsi və eyhsasatını oyatmaq və qüvvətləndirmək. Bunun üçün şərait və mühit yaratmaq və xalqın ehsasatından istifadə etmək. Bunun üçün də qüdrətli və möhkəm təşkilat lazımdır. Elə bir təşkilat ki, onun yaratdığı muhit sabitqədəm və mətin azadixahlar tərbiyə etsin. Lakin o dövrdə belə təşkilat olmadığı üçün belə bir mühit də vücuda gələ bilməmişdi.

Bunlar Şeyxin böyük şəxsiyyətini əskiltmir. Biz bundan ibrət almalıyıq. İndi bizim vəziyyətimiz İranın başqa yerlərindən yaxşıdır. İndi Şirazda, Xuzistanda və cənubun başqa yerlərində bəzi cərəyanlar gedir. Biz bu xüsusda izhari-əqidə etməyi tez bilirik. Vaxtında firqə öz nəzəriyyəsini izhar edəcəkdir. Biz indi ona əminik ki, ağırlığımız İranda hansı tərəfdə olsa, o tərəf aparacaqdır.

Bizim nehzətimiz ilə Xiyabani qiyamının arasında çox fərq vardır. Xiyabani nehzətində xalq münəzzəm bir təşkilatın rəhbərliyi altında mübarizə etmirdi. Lakin indiki nehzətimizə möhkəm bir intizama və böyük qüdrətə malik olan Azərbaycan Demokrat firqəsi rəhbərlik edir.

Firqəmiz əməl göstərməklə xalqın etimadını özünə cəlb etmiş və onu səhih taktik üzrə qabağa aparır.

Xalqımız azadlıq qəhrəmanlarının mücəssəmə və məqbərələrini  onların  fədakarlıqlarına layiq bir şəkildə inşa etməklə milli qəhrəmanlarına nisbət vəzifəsini ifa edir.

Bu iş eyni zamanda göstərir ki, xalq və onun azadlığı yolunda fədakarlıq göstərənlər, onun tərəfindən qədirdanlıq olunurlar.

 

 

Azərbaycan qəzeti â„– 316,

 Təbriz, ikinci dövrə,

 7 oktyabr 1946-cı il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info