Qonaq Kitabı
ALINAN AZADLIĞI SAXLAMAQ, ONDAN XALQIN SƏADƏTİ ÜÇÜN İSTİFADƏ ETMƏK LAZIMDIR

Elimizin şadlıq günü hesab olunan 12 şəhrivər yaxınlaşdıqca xalqımızın, elimizin və ona rəhbərlik edən firqəmizin içərisində geniş dairədə fəaliyyət hiss edilir.

Keçən nömrəmizdə mərkəzi komitəmizin bayram bərnaməsini dərc etmişdik. Dünən xalqımız və onun sevimli təşkilatı hesab olunan firqəmizin bir il müddətində göstərdiyi yaradıcılığı yada salmaq üçün görülən işlərin ən mühümlərini xatırladan 200 səhifəlik bir föhrüst müntəşir oldu.

Bir aydan bəri Azərbaycanın bütün kənd və şəhərlərində böyük hazırlıq gedir. Kəndlilər, kargərlər, kəsəbə və hünər sahibləri bir il müddətində gördükləri böyük işlər və göstərdikləri heyrətverici qəhrəmanlıqları xatırlamaq üçün ürək döyüntüsü ilə şəhrivər ayının 12-sini gözləyir. O gündə bir illik fəaliyyətinə yekun vurmaq istəyir.

Böyük nehzətimizin qabağında gedən Təbriz şəhərinin firqə təşkilatı həmişə olduğu kimi, öz doğma firqə təşkilatının rəhbərliyi altında özünün siyasi mübarizədə göstərdiyi ləyaqət və istedadını bir daha isbat etməyə çalışır.

Bir ildə gördüyümüz işləri, əldə etdiyimiz müvəffəqiyyətləri sayıb yazmaq ilə qurtarası deyildir. Qoy onu tarixçilər yazsın və biz əməldən bəhs edək, sabahın məsələsini düşünək.

El bizimlədir. Biz onu müntəzəm milli bir quruluşa malik etmişik. Bir il bundan əvvəl dəxi xalqımız özünün qəhrəmanlığı ilə məşhur idi. O, keçmiş başçılarının kəsb etdiyi iftixar ilə yaşayır və irticai qüvvələr ilə şədid mübarizə aparırdı. Əmma gərək şərafət və insaf üzrə qəzavət edək ki, bu mübarizədən xalq bir nəticə ala bilmirdi. Çünki onun etimad edib arxalana bilən milli bir mərkəzi yox idi. Bu cəhətdən təşkilatların göstərdikləri qəhrəmanlığa baxmayaraq ümum xalqı ayağa qaldırmağa qadir deyil idi.

Şəhrivərin 12-də binası qoyulan firqəmiz isə bu nöqsanı ortadan qaldırmağa müvəffəq oldu. Onun bərqasa bir surtədə meydana çıxması ilə xalq özünə rəhbər və baş tapdı. Ona etimad edərək şərəfli mübarizəsini müəyyən hədəf və məqsəd ilə əlaqədar etdi. Götürülən qədəmləri böyük nəticələrə bağlamaqla xalqı özünə inandırdı, elin ürəyini fəth stdi. El ilə qaynadı qarışdı, onun pişvası və həqiqi rəhbəri oldu.

O şəhrivərdən bu şəhrivərə qədər böyük bir fasilə olmadığı halda elimiz bir qərinə qədər böyümüş, rüşd və nümüv etmişdir.

İndi biz bütün dünyada bir millət kimi ərzəndam edib özümüzü idarə edə bilmək üçün vücuda gətirdiyimiz milli təşkilatlarımız vasitəsi ilə milli mədəniyyət və milli fərhəng üstündə gündən-günə tərəqqi və təkamülə doğru böyük qədəm götürə bilərik.

Biz indi nə tək İranda, bəlkə Yaxın Şərqdə demokratik nehzətin başçısı və ələmdarı hesab olunuruq. Bu adı biz özümüz öz üstumüzə qoymamışıq. Bu, dünya demokratik nehzətlərinə şədid surətdə əlaqəmənd olub, onun gedişini çox diqqətlə təqib edən dünya siyasətmədarlarının ən sadiq nümayəndələrinin bizim hərəkatımıza verdiyi qiymətdir.

El bu fədakarlıq nəticəsində bu iftixarla dolu adı qazanmağa nail olmuşdur. Bu iftixarı bizə verən şəhrivərin  12-sidir. Yəni firqəmizin təşkilidir.

Bu şərəfli günün mübarizə qəhrəmanları isə bir il tamam sürən mübarizəmizdə daima fəth və qabiliyyət üçün yaşamağa və elin şərafət və iftixarı üçün ölməyə hazır olan fərmandehlər kimi zəfərə doğru qovuşan xalq kütləsinin qabağında getmiş, istər siyasi, istər hərbi, istər iqtisadi, istər diplomasi və təşkilati cəbhələrdən böyük iftixar ilə, başı uca çıxmağa müvəffəq  olmuşlar.

Xalqımıza indi namuslu, şərəfli insanlar başçılıq edir. Şəhrivərin bizə verdiyi nəticələrin böyüyü də budur. Başsız millət, rəhbərsiz el hədəfə doğru gedə bilməz. İnanılmış təşkilat yarada bilməyən bir millət azad yaşaya bilməz. Şəhrivərdən bu tərəfə millətimiz bu böyük nöqsanı rəf etməyə müvəffəq olmuşdur.

Hər halda el bu böyük bayramı daha təntənəli bir surətdə istiqbal etməyə hazırlaşır. Firqə təşkilatlarımız isə bu təntənəli gündən daha böyük istifadələr etməlidir. Keçən şəhrivər bəyanniyyəmizi fəqət qırx neçə nəfər imza etmişdi ki, onlardan bir neçəsi də yolun yarısında yorulub, ya qorxub ayaq dalı qoydular. Hətta mübarizənin ağır günlərində onlardan bir neçə namərd və alçaq xainlər çıxdı ki, bizə daldan xəncər vurmaq qəsdi ilə düşmənlər sırasına keçib Londona və sair əcnəbi ölkələrə teleqraflar göndərmək vasitəsi ilə nehzətimizi boğmaq istədilər. Lakin bu gün xalqımıza ağır günlərdə rəhbərlik edən böyük şəxslərimizin istiqaməti sayəsində bütün müşkülata üstün gələn firqəmizin bayrağı altında toplanan üzvlərin sayı iki yüz mini keçməkdədir.

Bu il şəhrivərin 12-də doğrudan doğruya Azərbaycan, İran azadixahlarının kəbeyi-amalı məqamını qazanmışdır.

El tək bunun üçün bayram etmir. Onun ürəyində böyük ümidlər, dərin arzular, bitməz, tükənməz istəklər vardır. O, bu şəhrivərə qədər istibdadın sər pəncəsini sındırmış, azadlığa çıxa bilmişdir. O, çox yaxşı bilir ki, bu kafi deyildir. Xalq gərək özünün milli firqəsinin rəhbərliyi sayəsində aldığı azadlığı hələ də çox şədid olan xətərlərdən qorusun və ondan öz səadəti üçün nəticələr alsın.

İndi el tutduğu səngərlərdə dayanıb tənəffüs edir. Sabah daha böyük səngərlər almağa ehtiyac olduğu ona gizli deyildir.

Şəhrivər çəşni isə onun yorğun ruhu üçün qüvvətli bir qida hökmündədir. Hərbi mübarizə nöqteyi-nəzərindən onu bir manevr dəxi hesab etmək olar.

Bu manevri idarə etmək və bu vasitə ilə xalqın qüdrət və istedadını göstərmək yerli firqə başçılarının və qəhrəman firqə təşkilatçılarının müstəqim vəzifəsidir.

Məxsusən şəhrivər cəşni hovmələri idarə edən komitə sədrləri, təşkilat və təbliğat şöbə müdirləri ilə sinfi kargər ittihadiyyələrinə rəhbərlik edən ittihadiyyə kadrları öz qüvvət və bacarıqlarını büruzə vermək üçün bir müsabiqə meydanı vücuda gətirəcəkdir.

Bu işin gedişi firqə və ittihadiyyə kadrlarının məslək, ideal və əfkarımıza nə qədər bağlı olduqlarını göstərəcəkdir. Xalq hazırdır, el təkan yemişdir, kadrlar isə onu təşkil etməli və cəşndə dəxalət verməli və bu dəxaləti münəzzəm halda idarə etməlidirlər.

El bayramını elin namuslu qızları və oğlanları layıq bir şəkildə təşkil edəcəklərinə biz inanırıq.

Bu bayramda elimiz «Alınan azadlığı saxlamaq və ondan xalqın səadəti üçün istifadə etmək» şüarı altında hərəkət edəcəkdir.

 

 

"Azərbaycan" qəzeti â„– 285,

6 şəhərivər  1325,

(28 avqust 1946-cı il.)

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info