Qonaq Kitabı
TEHRANA ÇAĞIRILMIŞ AZƏRBAYCAN XALQ NÜMAYƏNDƏLƏRİNİN MÜŞAYİƏT MƏRASİMİNDƏ QISA BƏYANAT

Hamımıza məlumdur ki, bu heyət üçüncü heyətdir ki, Azərbaycanın sərnevişti və İran istiqlalının təmini üçün Tehrana göndərilir. Əlbəttə, bu nümayəndələr bizim etimad etdiyimiz adamlardır və bu adamlar bizim demokratik nehzətimizdə şirkət ediblər. Biz bu nümayəndələri göndərməkdə özümüz təşəbbüskar olmamışıq. Bu nümayəndələr cənab ağayi Qavames-səltənənin dəvəti üzrə Tehrana gedəcəklər.

Bu nümayəndələrə biz etimad edirik. Çünki bunlar bizim milli nehzətimizdə şirkət ediblər və özləri də çox yaxşı bilirlər ki, xalqın zəhməti nəticəsində bu nehzət vücuda gəlmişdir… Bu işdə 5 milyon xalq iştirak etmişdir və bu xalq onu saxlamağa da qadirdir.

Bu nümayəndələr Azərbaycan xalqının əfkarının nümayəndəsidirlər. Gərək Azərbaycan xalqının istədiklərini mərkəzi hökumətə yetirərlər. Biz Tehran hökumətindən şəhərlərimizin abadlığını istəmirik. Biz Azərbaycan xalqının Tehrana getmiş pullarını istəyirik. Biz 8 ayın içərisində pul olmamağa görə layiq iş görə bilməmişik. Bir tərəfdən də Azərbaycanın əmniyyətini hifz etməkdən ötrü fədai və pasiban saxlamağa məcbur olmuşuq. Bir surətdə ki, bu iş mərkəzi hökumətin vəzifəsidir. Biz indi gərək maarif və behdaşt və şəhərlərimizin abadlığını təmin edək. Nümayəndələrimiz gərək artıq dərəcədə bizim milli nehzətimizin həqiqi mənasını Tehran hökumətinə düşündürsünlər. Tehran düşünsün ki, bizim xalqımız nümayəndələrinin o vaxt sözünə baxar ki, nümayəndələr xalqın mənfəətinə işləyələr. Çünki bizim nehzətimizi xalq yaradıb, firqəmizi xalq qurub və əgər firqə də yaxşı işləməsə xalq onun ətrafına toplanmaz. Tehran hökuməti bilsin ki, Azərbaycan həqiqi surətdə İran azadlığının zaminidir. Əgər Azərbaycan xalqının ciddiyyəti olmasaydı, indi bütün İran şəhərlərində əyaləti-əncümən qurulmazdı. Bunların hamısı Azərbaycan xalqının mübarizəsi sayəsindədir. Xalqımızın mübarizəsi sayəsində indi İranda mərkəziyyət vücuda gəlib. Hərgah Azərbaycanda qan tökülməsəydi, indi Tehranın özündə də azadlıqdan bir əsər yox idi.

8 ay bundan qabaq İranın başqa şəhərlərində olan azadixah yoldaşlarımız həbslərdə çürüməkdə idilər. İndi isə onlar məmləkətin müqəddəratında şirkət edirlər. Bu xalqımızın ciddiyyəti sayəsində olmuşdur. Əgər Tehran hökuməti bizim nümayəndələrimizin istədiklərini verməyə, onu almaq üçün xalqımız öz nümayəndələrinin arxasında durmuşdur. Əgər Tehran hökuməti aldıqlarımızı qanun şəklinə salmazsa, nehzətimiz davam edəcəkdir.

Bir də gərək nümayəndələr çalışalar bütün azadixahlar ilə aramızda səmimi rabitə vücuda gəlsin, ta irticai ünsürlər baş qaldıra bilməsinlər. İndi Azərbaycan Demokrat Firqəsi hər bir tərəfə öz qüvvəsini qoysa o tərəf ağırlayacaq. Buna görə lazımdır bu qüvvəni azadixahlar üstünə qoysunlar ta İranda məşrutiyyət əməli olsun (Gurultulu alqışlar). Sonra qabağımızda duran məsələlərdən birisi də intixabat məsələsidir ki, Məclisi-Şurayi-Millinin intixabatı tezliklə başlansın. Ta Azərbaycan xalqının təklifi müəyyən olub məmləkətin qanuni-əsasisi ki, çoxlu nöqsanları vardır, islah edilsin.

Bu qanuni-əsasi 40 il bundan qabaq təsdiq olunduğuna görə, bugünkü ehticatımıza uyğun gəlmir. Məsələn, bizim milli ixtiyaratımız bu qanun vasitəsi ilə təmin ola bilmir. Gərək o dəyişilsin ta əyaləti-əncümən öz gücü ilə o vilayəti abad etsin. Biz xalq hökumətinin tərəfdarıyıq. Gərək qanuni-əsasi yol versin ta öz idarələrini ələ ala bilsinlər. Əgər bizim Tehran ilə bağladığımız müvafiqətnamə qanun şəklinə salınmazsa, nehzətdən nəticə ələ gəlməz. Bu isə olası işlərdən deyildir. Gərək istədiklərimiz qanun vasitəsi ilə təmin olunsun. Məşrutiyyat bayramı münasibəti ilə dediyim kimi “hesab hesabəst, kaka bəradər”[i]. Bizim qardaşlığımız öz yerində, lakin gərək hesabımız düz olsun. Biz Tehran ilə qardaşıq, lakin bu qardaşlıq qarşılıqlı olmalıdır. Xalqımız İran xalqının üçdə birini təşkil edir. Gərək hökumət işlərində bu hesab üzrə bizim dəxalətimiz olsun. Azərbaycan xalqı gərək bütün İranın siyasi işlərində dəxalət etsin.

Əziz nümayəndələr! Siz Tehranı başa salın ki, bizim nehzətimiz valini dəyişmək üstə deyildi, bizim nehzətimiz xalqın istədikləri üstə idi.

İndi biz nümayəndələrimizə deyirik: Bizim sizə imanımız var ki, bizim istədiklərimizi Tehran hökumətindən alasınız və biz də sizin arxanızda durmuşuq.

 

                                             Azərbaycan  qəzeti № 278,

                                                        28 mordad 1325,

                                                        (27 avqust 1946-cı il).



[i] Hesab hesabdır kak qardaş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info