Qonaq Kitabı
İRAN MƏŞRUTƏ İNQİLABI VƏ FİRQƏMİZİN BUGÜNKÜ SİYASƏTİ HAQQINDA NİTQ

Məşrutə nehzəti İran tarixində böyük bir hadisədir. Bu vasitə ilə qərinələr boyu zülm və əsarət zənciri altında əzilib haqq və ixtiyardar məhrum olan xalq ayağa qalxıb özünün mövcudiyyətini nişan verib, öz qüdrət və qüvvəsini anlamağa müvəffəq olmuşdur. Əgər Məşrutə hərəkatından ayrı bir nəticə əldə edilmiş olmazsa belə, bu hadisə, yəni millətin özünü tanıyıb, öz qüdrətini dərk etməsi, o qədər böyük, o qədər qiymətli bir işdir ki, fəqət ondan ötrü də olsa, Məşrutə fərmanının imza gününün hər il təntənə və şükuh ilə cəşn tutulub bayram edilməsi lazım gəlir. Halbuki, bundan əlavə Məşrutənin daha dəyərli faydaları da çox olmuşdur. Xalqın gözünun açılması, xalqın səadəti uğrunda fədakarlıq göstərmək, xalqa xidmət etməklə kəsb-iftixar etmək, ictimai cərəyanlara başçılıq etməklə xalqın məhəbbətini qazanmaq, zahiri olsa da məmləkətin qüvvəyi-aliyəsinin millət ixtiyarına keçməsi, dövlət idarələrinin dəxl və xərcinin millət nümayəndələri tərəfindən təyini, fərdi hakimiyyət yerində qanuni və milli hakimiyyətin bərqərar edilməsi kimi nəticələrin hər biri öz yerində müfid və dəyərli işlərdəndir.

Məşrutə nehzətini idarə edənlər mütləqa fədakar və xeyirxah adamlar olmuşlar. Onların gördükləri işlər həmişə İran azadixahlarına ilham vermiş, onları daha böyük fədakarlıqlar göstərməyə hidayət etmişdir. İnqilab hər şüar altında olur-olsun müqəddəsdir. İnqilabı idarə edən böyük simalar hər təbəqədən ayağa qalxır-qalxsın millət tərəfindən ehtiram və sitayiş ilə yad edilməlidirlər. Bizim müstəqimən xalqımızın arasından qalxıb azadlıq yolunda böyük ləyaqət və iman nişan verən Səttar xan, xariqüladə fədakarlığa hazır olan Bağır xan, öz şəhaməti sayəsində Təbriz mücahidlərinin səramədliyi moəamını kəsb edən Kərbəlayi Hüseyn Bağbanlarımız ilə bərabər istibdad mübarizəsində İran ruhanilərinə rəhbərlik edib xalqı Məşrutə almağa hidayət edən böyük ruhani alimlərimizdən Behbəhani və Təbatəbai, Şeyx Kazım Xorasanini də təqdis etməliyik. Bizim nəzərimizdə xalqı yeni həyata və yeni mədəniyyətə dəvət edən Mirzə Mülküm xan İsfahani və Mirzə Ağa xan Kirmani, Seyid Camal Əsədabadi tarixi adamlardırlar. Bunların adları gərək Məşrutə tarixində iri xətt ilə qeyd edilsin. Məşrutə və azadlıq yolunda canlarını fəda edən Mirzə Cahangir xan və Məlikülmütəkəllimin və sair azadixahların da adları gərək ehtiram ilə yad edilsin. Biz ölüpərəst deyilik, lakin xalq yolunda canbazlıq edənləri yaddan çıxardan bir millət canbaz və fədakar oğullar tərbiyət edə bilməz. Keçmiş inqilabçıları böyüdüb, onları milli qəhrəman tanıda bilməmiş bir millətin içərisindən qəhrəmanlar çıxmaz. Tək bu nöqteyi-nəzərdən olsa belə, biz Məşrutə inqilabının başçıları və o inqilabda müəssir bir surətdə fədakarlıq göstərən insanları çox böyük ehtiram ilə xatırlamalıyıq.

Məxsusən bizim üçün, biz Azərbaycan demokratları üçün qəhrəman mücahidləri xatırlamaq, onların adlarını əbədiləşdirmək, onların mücəssəmələrini vücuda gətirmək, onların fədakarlıqlarını saymaq, onların  şəhamətlərini təsvir edən dastanlar vücuda gətirmək ən ciddi, ən mühüm, ən   vacib vəzifələrdəidir.

Biz onların müstəqim varisi hesab olub və onların başladıqları böyük işi kamalə yetirməyə qiyam etmişik. Ona görə işimizin başlanmasını həmişə iftixar ilə yad etməliyik.

Məşrutə qəhrəmanlarının içərisində çox böyük adamlar vardır ki, mütəəssifanə onların adları unudulub gedir. Şayəd burada hazır olan demokrat yoldaşlarımızdan elələri vardır ki, o gün gördükləri böyük işləri yadlarından çıxarmışlar. Şayəd içərimizdə Təbriz mühasirəsində ac bir halda silah əldə yorulmaq bilmədən mübarizə edən qəhrəman mücahidlərdən az olmasın. Onlardan bu gün ola bilər ki, lazımınca qədirdanlıq etmirik. Bəziləri də artıq qocaldıqlarına görə əllərindən bir iş gələ bilmir. Lakin elələri də var ki, sinnlərinin çoxluğuna baxmayaraq, bizim milli nehzətdə ciddi və əməli surətdə iştirak etmişlər.

Hər halda qırx il, tarix nöqteyi-nəzərindən böyuk bir müddət deyildir. Ona görə, tarixi hadisələr dildən-dilə danışılıb gedir.

Bir zaman gələr ki, xalq Məşrutə inqilabında şirkət edən bir mücahid axtarar ki, özünün məhəbbətini ona izah etsin. Bəlkə bir müddətdən sonra o da tapılmayacaqdır. O vaxt xalq fəqət tarixə müraciət edəcək. Oradan böyük hərəkatı öyrənmək istəyəcəkdir. Bu cəhətdəndir ki, tarixə ciddi surətdə təvəccöh etmək, əldə olan əsnad və mədariki toplayıb gələcək nəsil üçün saxlamaq lüzumu meydana çıxır.

Hələ müstəbid padşahın ixtiyaratının qarşısının alınması, xalqın öz sərneviştini kağız üstündə olsa belə əldə etməsi kiçik iş deyildir.

Məşrutə imzası ilə biləxərə İranın istiqlal və toəamiyyətinin təmini üçün əmələn mühüm və ciddi bir vasitə vücuda gəlmişdir ki, onu qırx il müddətində məmləkət və millətin keçirdiyi tarixi hadisələr canlı bir surətdə isbat etməkdədir. Məşrutə kiçik bir iş deyil idi və onun yolunda canfəşanlıq edən azadixahlar da indiyədək öz pak vicdan və azadixah ruhlarını saxlamış olsalar onların qədrini bilməli, onlara ehtiram gözü ilə baxmalıyıq. Çünki, onlar bizim bugünkü demokratik nehzətimizin pişahənkləri olub, bizim bu gün tikmək istədiyimiz böyük azadlıq binasının bünövrə daşını qoymuşlar.

Yeri gəldiyi üçün burada şirkət edən azadlıq və Məşrutə qəhrəmanlarını firqəmiz tərəfindən təbrik edərək deyirəm: İstibdad və zorakılıq rejiminə zərbə vuran Məşrutə mücahidlərinə eşq olsun!

Hörmətli məsləkdaşlar!

Tarixi hadisələri xatırlamağın iki böyük faydası vardır. Əvvəla, bu vasitə ilə biz keçmişlərin gördükləri böyük və müfid işləri öyrənib, onları gündəlik mübarizəmizdə sərməşq qərar verib irəli gedirik. Saniyən, o hadisələrdə nəzərə çarpan böyük iştibahların müstəqim və qeyri-müstəqim təsirini hesaba alıb, onların təkrarından özumüzü saxlamaqla, gündəlik xətt-hərəkətimizi düzəltməklə işlərimizdə üz verə bilən iştibahlar təkrarının qabağını alırıq.

Məşrutə inqilabı, vətənimizin azadixahlarının gördükləri işlər və göstərdikləri rəşadətin qəhrəman fədailərimiz üçün sərməşq olduğu hamıya məlumdur. Bunu biz həmişə iftixar ilə deyib dost və düşmənlərimizə bildirmişik. Ancaq, az deyilib az söylənən, Məşrutə inqilabından xalq düşmənlərinin istifadə etmələrinə yol verilməsi məsələsidir.

Biz bu mövzuya artıq dərəcədə əhəmiyyət veririk. Hətta deyə bilərəm bu məsələnin bizim bugünkü xətt-hərəkətimizdə geniş dairədə təsiri ola bilər. Məşrutə inqilabı Tehrandan başlayıb, Azərbaycan onu həyata keçirdi və təkmil etdi. Azərbaycan mücahidlərinin qəhrəmanlığı, Səttarxanların möhkəm iradəsi olmasaydı əvvəl Eynüddövlə və sair dərbar müstəbidləri, sonra da Məhəmmədəli Mirzə azadlıq asarını tamamilə ortadan aparıb, azadixah və məşrutətələb adlananların rişəsini kəsib məhv edəcək idi. Lakin Azərbaycan bu irticai hərəkətın qarşısını aldı. Bununla belə, azərbaycanlıların Məşrutədə qazandığı əcəba nə oldu? Zülm, fişar, bədbəxtlik, Müstovfi çörəyi, şəhərlərin bərbad hala düşməsi, kəndlilərin jandarm cəlladlarının çəkməsi altında inləməsi! Azərbaycanın məşrutədən aldığı padaş məgər bunlar olmamışdır? Hələ Azərbaycan qalsın, Məşrutə alındıqdan sonra biçarə İran xalqları ondan nə anladılar? Zənn edirəm, siz Məşrutədən sonra müstəbidlərin Məşrutə namına gördükləri cinayətkaranə işləri məndən daha yaxşı bilirsiz. Məşrutə alındı, lakin azadixahlar onun saxlanması üçün bir tədbir görmədilər. Ona görə ondan gözlənilən ümid əldə edilmədi. Bizim sözümüz də bunun üstündədir.

Mən bizim milli nehzətimiz ilə Məşrutə nehzətini müqayisə etmək istəmirəm, bu uzun bir məsələdir. Əlbəttə, zaman dəyişdiyinə görə bizim nehzətimizin də şəkli və hədəfi dəyişmişdir. Bununla belə hər iki nehzət arasında böyük bir şəbahət vardır. Firqəmizin homə iclaslarının birində yoldaşlarımızdan birisi öz nigaranlığını bu cümlə ilə izhar etdi: “Biz bir dəfə silah götürüb istibdadı sərnigun etdik. Bir neçə ay xalq azadlıq ilə öz işlərinə məşğul oldu. Sonra müstəbidlər maskalarını dəyişib məşrutəçi olmaqla, bizi əvvəlki hala qaytarıb, azadlığımızı pozub, əmin-amanlığımızı əlimizdən aldılar. Olmasın ki, indi də bu oyun təkrar edilsin”.

Bu sözdə bir həqiqət vardır. Lakin, əvvəl deməliyəm ki, bizim yoldaşımız bir şeyi unutmuşdur. O da bizim Firqəmizdən ibarətdir. Poladdan möhkəm intizama malik olan Firqəmiz durduqca, müstəbidlər bu çirkin arzuya heç vəchlə müvəffəq ola bilməzlər və bilməyəcəklər. Amma, söz dərin sözdür. Biz onun məna və əhəmiyyətini dərk etməmiş deyilik. İndi iki aya yaxındır ki, biz Tehran ilə müvafiqətnamə imza etmişik. Tehran bizim milli nehzətimizi demokratik bir nehzət tanıdığını rəsmi surətdə elan etmişdir. Firqəmizin nüfuzu isə bütün İranda gündən-günə artmaqdadır. Bütün İran xalqı Azərbaycandan nicat gözlədiyini inkar etmir. Məclisin qərarına görə, gərək müttəfiqlər İranı tərk edən kimi 15-ci devrənin intixabatına şüru olunaydı. Bundan əlava, hənuz bizim qoşun və fədai məsələmiz həll edilməmişdir. Dövlət nümayəndələri işi süründürməyə və bugün-sabaha salmaqdadırlar. Tehrana intixabat komisyonunda şirkət etmək üçün göndərdiyimiz nümayəndə intixabatın başlanmasından məyus olub müraciət etdi. Bunların hamısı göstərir ki, Tehran hənuz bizim milli nehzətimizin həqiqi məna və təbii qüdrətini dərk etməmişdir.

Biz ağayi Qəvamüssəltənənin hüsn-niyyətinə inandığımızı söyləmişdik... Lakin iş belə gedərsə xalqın nigaranlığı artar, bu nigaranlığın isə iş üçün faydalı ola bilməyəcəyi məlumdur.

Tehran gərək gözlərini yaxşı açıb, zaman və məkanı yaxşı təşxis versin. Biz İran azadixahlarını səmimiyyətlə sevirik və onların müvəffəqiyyətləri də bizim müvəffəqiyyətimizdir. Lakin bizim özümüzün də bir hesabımız vardır, onu unutmaq olmaz.

“Azərbaycanlılar rəşiddirlər, azərbaycanlılar qəhrəmandırlar. Azərbaycanlılar öz nehzətləri ilə İrana nicat verdilər və ilaxır”.

Hənuz Tehran bizə bu sözlərdən başqa bir şey verə bilməmişdir. Sözdən Fatıya tuman çıxmaz - demişlər. Əməl lazımdır. Mütəəssifanə, biz hənuz əməl az görürük. Bu isə, mütəəssifanə bizə Məşrutə nehzətindən alınan acı təcrübələri xatırladır. Biz o təcrübələrdən ibrət alıb, aldığımız azadlığı göz bəbəyi kimi qorumalıyıq.  Mütəəssifanə, biz təarüf çox etmişik. İndi iş vaxtıdır.

Müvafiqətnamədən sonra Azərbaycan məmləkətdə görülən işlərə bitərəflik nəzəri ilə baxa bilməz. Beş milyonluq bir xalqı görülən işlər və aparılan piçdərpiç siyasətlər ilə kölgədə saxlamaq vaxtı keçmişdir. Farslar demişkən (hesab hesab əst, kaka bəradər).[i] Qardaşlığımız öz yerində amma, hesabı gərək nəzərdə tutmaq. Azərbaycanlı şirin sözlər çox eşitmişdir və onlardan acı təcrübələr daha çox almışdır. Qoy mürtəcelər və azadlıq düşmənləri aydın və açıq surətdə öz təkliflərini düşünüb anlasınlar ki, bu qara o qaradan deyildir. Azərbaycan fəqət öz azadlığını təmin etmək sayəsində İranın istiqlal və İran camaatının azadlığının zamini ola bilər. Atalarımız Məşrutəni alıb, müstəbidlərin əlinə tapşırdılar, ya imkan verdilər müstəbidlər Məşrutəni onların əllərindən alsınlar. Biz bu acı təcrübədən ibrət dərsi almışıq. Azadlığı təmin etmək və cürbəcür rənglər və növbənöv niqablar altında qabağa çıxan mürtəcelərin burnunu əzmək üçün əsaslı bir səngər vücuda gətirib kəskin bir silah təhiyyə etməyə müvəffəq olmuşuq. O da qanlı və yorulmaz mübarizə meydanında böyüyüb gündən-günə yüksəlməkdə olan Firqəmizdən ibarətdir.

Azərbaycan Demokrat Firqəsi elə bir əsasdır ki, onun vasitəsi ilə Məşrutə inqilabının fəci xatəməsinin bir daha təkrar edilməsinə imkan verilməyəcəkdir.

Mürtəcelərin gördükləri şirin və dadlı yuxular çoxdur. Qoy onlar məğrur olmasınlar. Azərbaycan Demokrat Firqəsini yaradan Azərbaycan xalqı yaşadıqca, Azərbaycan azadlığına əyri baxmaq istəyən gözlər əbədi olaraq işıqdan düşəcəkdir.

Azərbaycan azadlığı payıdan olduqca, İran azadlığını boğmaq da olası işlərdən deyildir. Buna görə, hamımızın sevib və təkrar etdiyimiz şüarları təkrar etməklə sözümə xatəmə verirəm.

Yaşasın Azərbaycan Demokrat Firqəsi!

Yaşasın xalqımız!

Yaşasın xalqımızın, bütün İran azadlığının təmini üçün başladığı böyük demokratik nehzətimiz!

 

Azərbaycan  qəzeti â„– 267,

14 mordad 1325,

(15 avqust 1946-cı il.)



[i] Tərcümə: «Hesab hesabdır, kaka da qardaş»,

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info