Qonaq Kitabı
TƏBRİZ RADİOSUNDAN BƏYANAT

Möhtərəm həmvətənlər!

Bir ay davam edən danışıqlardan sonra xalqımızın və ümum iranlıların səbrsizlik ilə gözlədikləri saziş əməli olub, ağayi Qəvames-səltənənin siyasi müavini ağayi Müzəffər Firuzun təhti-riyasətində şəhərinizə gələn heyət ilə aramızda tarixi bir qərardad imza edildi. Qərardadın məzmunu bir neçə dəqiqədən sonra ümumi elan ediləcəkdir.

Bu qərar cənab ağayi Qəvames-səltənə kabinəsi və Azərbaycan Məclisi-millisi tərəfindən təsdiq edildikdən sonra mövqeyi icraya qoyulacaqdır.

Biz danışıqların gedişi və imza edilən qərardadın məna və əhəmiyyəti barəsində çox tez bir zamanda firqə və xalqımıza geniş bir surətdə məlumat verəcəyik.

Bu qərardadın tək Azərbaycan deyil, bütün İran xalqı üçün çox böyük əhəmiyyəti vardır.

Bu vasita ilə yarım qərn İran azadixah və vətənpərvərlərinin arzu etdiyi torpaq məsələsi haqqında böyük və əsaslı bir qədəm götürülmüş oldu. Bütün İranda demokratik üsulunun icrası və azadlığın təmini üçün yeni intixabat qanununun yaradılmasını dövlət təəhhüd etdi. Tamam hüquqi ictimaidən məhrum edilmiş ana və bacılarımızın intixab olub, intixab etmək haqqına etiraf elədi və bunun əməli olması üçün dövlət tərəfindən sərih təəhhüd imzalandı.

Azərbaycan xalqının əməli etdiyi dilin rəsmiyyətlə qəbul edilməsini məxsusən qeyd etmək lazımdır. Bundan sonra Azərbaycan öz dilində təlim və tərbiyyət ala bildiyi kimi, öz idarələrini də özunün intixab etdiyi azərbaycanlılar vasitəsi ilə öz dilində idarə edəcəkdir.

Bunların hamısından daha qiymətli nehzətimizin dövlət tərəfindən demokratik bir nehzət tanınmasıdır...

Bu qərardad ilə xalqımızın mübarizə tarixində yeni bir dövr başlanır. Ola bilsin ki, bu mübarizə daha çətin və daha ağır şərait altında idamə tapsın. Lakin azadlıq yolunda hər bir fədakarlığa amadə və hazır olan bir xalq heç bir vaxt müşkülat və çətinlikdən qorxmaz. Xalqımızın inam və etimadını cəlb edən firqəmiz onu düzgün yol tapıb, sağlam rəhbərlik etmək sayəsində təqib etdiyimiz müqəddəs hədəfə yetirəcəkdir.

İndi firqə və xalqımızdan daha artıq birlik, daha artıq etimad, daha artıq qəhrəmanlıq gözlənilir. Yükümüz ağırlaşmış, vəzifəmiz böyümüşdür. İndi biz bütün İranda demokrasi üsulunun bərpası yolunda mübarizə edirik. Bu mübarizədə bütün İran camaatının sağlam və vətənpərəst əfradı bizim ilə həmrah olduğu üçün müvəffəqiyyət də bizim ilə olacaqdır.

Yaşasın xalqımızın sarsılmaz iradəsi!

Yaşasın başladığı mübarizəni axıra yetirən firqəmiz!

Yaşasın bütün İranda azadlıq və demokrasi bayrağın ucaldan fədai dəstələrimiz!

Yaşasın İran istiqlaliyyətinin və İran azadlığının məşəldarı olan qəhrəman Azərbaycan!...

 

"Azərbaycan" qəzeti â„– 225,

(23 iyun  1946-cı il).

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info